Bu ilin avqustunda Amerikada növbəti Neuport Jazz festivalı keçiriləcək. Festivalda Amerikanın tanınmış caz ulduzları iştirak edir. Bu o qədər möhtəşəm bir tədbirdir ki, hətta onun səhnəsində çıxış etməyi dünyanın bir nömrəli caz ifaçısı sayılan Napsosk da özünə böyük şərəf sayır.
   
   Hollandiyada yaşayan həmyerlimiz, tanınmış cazmen Əminə Fiqarova da Neuport Jazz festivalına dəvət olunacağını gözləmirdi. Çünki indiyədək burada yalnız bir dəfə - 1964-cü ildə - Hollandiyanın bir qrupu iştirak etmişdi. Həmin qrupa da əsas səhnədə yox, ancaq vestibüldə çıxış etmək qismət olmuşdu. Xeyli sonralar sözügedən festivalda xarici iştirakçı olaraq İsveçin E.S.T. qrupu yer almışdı.
   İndi Hollandiya 46 ildən sonra yenidən bu mötəbər tədbirə dəvət alıb. Bu dəvətin məhz həmyerlimiz Əminə Fiqarovanın rəhbərlik etdiyi «Sextet» qrupuna göndərilməsi isə bizim üçün də qürurverici faktdır. Çünki Neuport Jazz festivalına dəvət almaq heç də asan iş deyil. Bunun üçün uzun illər çalışmaq, hazırlaşmaq lazımdır.
   Əminə Fiqarovanın bu tədbirə dəvət edilməsində ötən ilin sentyabrında Çikaqoda keçirilən caz festivalında iştirakı həlledici rol oynayıb. Çikaqo festivalında 25 minlik tamaşaçı auditoriyası «Sextet» qrupunu dəfələrlə ayaqüstə alqışlamışdı. Bu, Amerika festivallarında görünməmiş bir işdir. Çünki cazın vətənində ərköyün amerikalı tamaşaçını təəccübləndirmək asan deyil.
   Çikaqodakı Linkoli mərkəzində keçirilən həmin konsertin əks-sədası bütün Amerikaya yayılmışdı. «Sextet» qrupu haqqında qəzetlər çoxlu sayda məqalələr yazdı, televiziya, radio proqramları hazırlandı.
   Bütün bunların nəticəsidir ki, festivalların təşkilatçısı, 84 yaşlı Corc Wein Əminə Fiqarovanın caz qrupunu avqustda keçiriləcək möhtəşəm festivalın əsas səhnəsində çıxış etmək üçün şəxsən dəvət edib.
   Festivala qədər isə «Sextet» qrupu Amerikanın bir neçə şəhərində, eləcə də Malayziyada, Portuqaliyada çıxış edəcək. Bu yaxınlarda Əminə xanımın «Sketçhes» adlı yeni diski musiqisevərlərə təqdim olunub. Mərasim aprelin 17-də Amsterdamda (Hollandiya), sonra Lüksemburqda keçirilib. Növbəti təqdimat Amerikada festival günlərində olacaq.
   
   Sədaqət Yusifqızı