Dünyada qəribə səslər çoxdur. Amma onlar möcüzəli deyil. Möcüzəli səs yalnız Tanrı vergisidir ki, o da hər kəsə qismət olmur. Belə səsi Tanrı sevib-seçdiyi bəndəsinə, böyük sənətkarlara bəxş edir. Unudulmaz xanəndə Yaqub Məmmədov (1930-2003) belə sənətkarlardan idi.
Azərbaycan ifaçılıq sənətinin görkəmli simalarından olan Yaqub Məmmədov sələflərinin yolunu layiqincə davam etdirmişdi. Cabbar, Seyid, Xan, Zülfü məktəbinin ənənələrinə sadiq qalan xanəndə öz oxu tərzi ilə klassik muğam ifaçılığı üslubunu qoruyub saxlamışdı. Eyni zamanda Yaqub Məmmədovun özünün ifa məziyyətəri, dəst-xətti var idi. Klassik muğam ifaçılığı çərçivəsindən kənara çıxmayan xanəndə məlahətli səsi ilə muğama yeni xallar, zəngulələr gətirmişdi. Onun yadigar qalan lent yazıları muğam tariximizin qiymətli səs yaddaşıdır.
Deyirlər ki, sənətkarı zaman yetişdirir. Amma düşünürəm ki, sənətkarın yetişməsində onun boya-başa çatdığı mühitin təsiri çox böyükdür. Buna əmin olmaq üçün böyük xanəndənin həyat yoluna nəzər salaq.
Yaqub Məhəmməd oğlu Məmmədov 1930-cu il mayın 5-də Qarabağın dilbər guşələrindən biri olan Ağcabədidə anadan olub. Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov kimi xanəndələr yetirmiş bu bölgədə çal-çağırlı poeziya və musiqi həyatı erkən yaşlarından Yaqubun da varlığına sirayət edir. Sənətkar vaxtilə öz xatirələrində bu barədə belə söyləmişdi:
“Atamın yaxşı səsi vardı. Evdə onun zümzümələrini çox eşitmişdim. Qohum-əqrəbanın, dost-tanışların məclislərində də bir-iki ağız deyərdi. Özünü xanəndəliyə həsr etməsə də, bu sənəti çox sevirdi. Yadımdadır ki, hərdən dəfini əlinə alıb, bir ağacın kölgəsinə çəkilib özü üçün oxuyardı. Onun bu ifaları mənə çox təsir edib. Beləcə, mən də eşitdiklərimi zümzümə etməyə başladım. Onda səsimin olub-olmadığını bilmirdim. Bir dəfə özüm üçün oxuyanda atam eşitdi. Sözün düzü, onda həm də bir az utandım. Amma atam mənim oxumağımı çox yaxşı qarşıladı və dedi ki, Yaqub, bala, yaxşı səsin var. Belə-belə, başladım ondan eşitdiklərimi oxumağa. O da hərdən mənə yol göstərərdi. Bir gün dəfini mənə verib dedi: “ Düzdür, yaxşı səsin var. Amma çalış ki, bu sənətin dalınca gedəsən. Mən bu sənətdə əldə edə bilmədiklərimi səndə görmək istəyirəm. Arzum budur ki, sən tanınmış xanəndə olasan”. O gündən sənətə məhəbbətim daha da artdı. Ustad xanəndələri dinlədikcə həm onları qiyabi də olsa tanımağa, həm də onlardan öyrənməyə başladım. Atam dünyasını tez dəyişdi. O, məni peşəkar xanəndə kimi görə bilmədi. Amma bir az özünütərif kimi çıxmasın, yəqin ki, mənim tanınmış xanəndə olmağım onun ruhunu sevindirir”.
Səs də insan kimidir. Onun da böyüyüb-artan, qol-budaq atan dövrü olur. Beləcə, Yaqub Məmmədovun səsi əvvəlcə ailəsindən, sonra el-obasından, daha sonra isə böyük konsert salonlarından, toy-düyünlərdən pərvazlanır və o, xalqın sevimlisinə çevrilir.
Təbii ki, belə bir zirvəni fəth etmək, yəni sevilən sənətkar olmaq asan məsələ deyil. Bunun üçün Yaqub Məmmədov da başqa ustadlar kimi çox mərhələlərdən keçməli oldu. Əvvəlcə Ağcabədi Mədəniyyət Evinin müdiri, ustad xanəndə Mütəllim Mütəllimovdan bir neçə muğam və xalq mahnıları öyrənir. 1956-cı ildə rayonda Bakıda keçiriləcək Gənclərin Ümumrespublika Festivalına ifaçı toplanarkən birinci Yaqubun adı qeyd olunur. Beləliklə, o, Bakıya festivala gəlir. Münsiflər heyətində görkəmli sənətkarlar - Həqiqət Rzayeva, Xan Şuşinski, Əfrasiyab Bədəlbəyli və başqaları yer almışdı. Gənc Yaqubun səhnə görünüşü və ifası onları qane edir. Füzulinin ürəkləri fəth edən qəzəlləri onun ifasında “Segah” muğamının həzin melodiyasına qarışıb səhnəyə yayılır. İfa hamının xoşuna gəlir və Yaqub Məmmədov festivalın laureatı olur. İlk müvəffəqiyyət gənc ifaçıya uğurlar gətirir. Həmin festivaldan sonra ustad tarzən Əhməd Bakıxanov onu radioya gətirib öz ansamblı ilə bir neçə ifasını lentə yazdırır.
Daha sonra onu Dövlət Filarmoniyasına dəvət edirlər. Filarmoniyanın direktoru, unudulmaz bəstəkar Soltan Hacıbəyov da Yaqubun səsini çox bəyənir. Ustad tarzən Qurban Pirimov isə “səsi də gözəldir, oxumağı da. Belə səsə və qabiliyyətə görə ikinci Cabbar yetişə bilər” deyə ona dəstək verir.
Beləliklə, Yaqub Məmmədov 1958-ci ildən Filarmoniyada çalışmaqla bərabər, A.Zeynallı adına Musiqi Texnikumunda (indiki Musiqi Kollecində) muğamlarımızın ustadı Ağadan - Seyid Şuşinskidən dərs alır. Bu yerdə yenə Yaqub müəllimin xatirələrinə müraciət edirəm:
“Seyid böyük ustad idi. Onu təkcə Azərbaycanda yox, bütün Orta Şərqdə yaxşı tanıyırdılar. Ondan dərs almaq bizim üçün böyük şərəf idi. Çünki o, həm yaxşı dərs deyirdi, həm də adama düzgün yol göstərirdi. Seyidin mənə verdiyi bəzi tövsiyələr indi də yadımdadır. Deyirdi ki, məsələ səsi və istedadı olmaqda deyil, ən başlıcası, çoxlu çalışmaq, öz üzərində yaradıcılıqla işləmək lazımdır. Sən şövqlə oxusan, dinləyicilərin qəlbinə yol taparsan. Gərək sənətkar xalqın etimadını doğrultsun, ona çəkilən zəhməti unutmasın. Mən Ağanın ruhuna duaçıyam - ona çox minnətdaram”.
Biz də minnətdarıq bütün ustadlara ki, onlar həm sənəti yaşadıb, həm özlərindən sonra gələn nəslə örnək olublar. Elə Yaqub Məmmədovun həm bu xatirə söhbəti, həm də qüdrətli səsi və mahir ifaçılıq qabiliyyəti bu günün xanəndələri üçün əsl məktəbdir. Çünki onun qəlbində böyük sənət sevgisi vardı. Bu, ustadın oxuduğu muğamlardan da bəlli olur. Qulağımda onun “Segah” muğamı üstə oxuduğu qəzəldən beytlər səslənir:
Sən aşiqi yandırmağa, mən yanmağa mail,
Sən şəmini göstər mənə, pərvanəsi məndən,
Zülfün qədəri aşiq olan var sənə, ey gül,
Sən söylə o məcnunlara, əfsanəsi məndən.
Bu qəzəli təsadüfi xatırlamadım. O, yana-yana oxuyaraq dinləyənlərin qəlbini riqqətə gətirirdi. Odur ki, pərəstişkarları da onun sənətinin vurğunu idilər. Yaqub Məmmədov səsi, sənəti sanki bir əfsanədir. Dinlədikcə ovsunlanırsan. Bu səsdə insan bütün düşündüklərini tapa bilir. Əlbəttə, müxtəlif zövqlü dinləyicilərin zövqünü oxşayıb, ürəyinə yol tapmaq sənətkardan böyük məharət tələb edir.
Xalq artisti, görkəmli sənətkar, professor Arif Babayev ustad xanəndə barədə belə deyir:
“Yaqub, böyük xanəndə idi. O, nə oxuyubsa ürəklə oxuyub və elə oxuyub ki, hamı onun sənətini sevib. Əslində onun bizim muğam sənətinin təbliğində böyük rolu var. Hər nə oxuyubsa, ona öz möhürünü vurub. Bu da onun peşəkarlığından irəli gəlir”.
A.Babayevin bu fikirlərindən sonra yaddaşımda Yaqub müəllimin vaxtilə oxuduğu “Mənsuriyyə” canlanır. O, bu ritmik muğama, doğrudan da, möhür vurmuşdu.
Bir dəfə bu barədə hörmətli sənətkarımız, Xalq artisti Habil Əliyevə müraciət edib soruşdum: “Habil müəllim, o, “Mənsuriyyə”nin sirri nədədir ki, siz onu Yaqub Məmmədovla o cür gözəl ifa etmisiniz?” Habil müəllim fikrini belə izah etdi:
“Mənim sənət taleyimdə çox xanəndələrlə ünsiyyətim olub. Yaqub Məmmədov mənim üçün seçilən xanəndə idi. Onunla söz-söhbətim də, ifamız da çox uyğun idi. Bir-birimizi yaxşı başa düşürdük. Qaldı ki, “Mənsuriyyə” çalıb-oxumağımıza, açığı bunu ona mən təklif etdim. Dedim ustadlardan Cabbar əmi də “Mənsuriyyə” zərb muğamını tək kamança ilə oxuyub. Gəl biz də özümüzü sınayaq. Görək bizim ifamız da tarixdə qala bilərmi? Elə ilk ifamız lentə alındı və o “Mənsuriyyə” doğrudan da tarixə düşdü”.
Ustad xanəndənin səsi də, sənəti də tarixiləşərək əbədi yaddaşlara çöküb. Çünki o, məlahətli səsi, istedadı və sənətə sərf etdiyi zəhməti sayəsində əsl sənət zirvəsini fəth edə bilmişdi. Odur ki, sənətkarı xalq sevmiş, dövlətimiz də onu yüksək qiymətləndirmişdi. Yaqub Məmmədov “Xalq artisti” adına layiq görülmüş, müxtəlif fəxri fərmanlarla təltif edilmiş, böyük sənət xiridarı, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Prezident təqaüdçüsü olmuşdu.
Yaqub Məmmədovun yaradıcılıq yolu Azərbaycan ifaçılıq tarixinin silinməz səhifələrini təşkil edir. Onun oxuduğu “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Rast”, “Zabul” və başqa muğamlar, neçə-neçə xalq mahnı və təsnifləri ustadın qiymətli yadigarı olaraq lent yazılarında qorunub saxlanır. Nə yaxşı ki, bu yadigar lent yazıları var. Onlar bizə belə sənətkarları anmaqda əsl mənbədir. Elə bu yazıda da o mənbələrdən birinə - sənətkarın 70 illik yubileyində onunla olan söhbətimə istinad edərək ustadın bugünkü nəsil üçün örnək ola bilən fikirlərini sənətsevərlərə çatdırmağa çalışdım. Çalışdım ki, sənətkarın 80 illik yubileyinə nə isə deyə bilim. Oxucularımızın diqqətinə onu da çatdıraq ki, Yaqub Məmmədovun 80 illik yubileyi mayın 25-də Azərbaycan Beynəlxalq Muğam Mərkəzində də qeyd olunacaq. Mən isə ustad xanəndəyə həsr olunan məqaləni hansı cümlə ilə bitirəcəyimi düşünəndə fikrimdən ölməz Seyid Əzimin bu misrası keçdi:
“Seyyida, ölmərəm,
aləmdə səsim var mənim”.
Səadət Təhmirazqızı,
musiqişünas