Mayın 26-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Aygün Bayramova Belarusda konsert proqramı ilə çıxış edəcək. Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən təşkil olunan konsert ölkəmizin milli bayramına- 28 May Respublika Gününə həsr olunacaq. Konsertdə Aygün Bayramova ilə yanaşı, Xalq artisti Mənsum İbrahimov da çıxış edəcək. Onları əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Belarus Simfonik Orkestri müşayiət edəcək. Orkestrin dirijoru isə Yalçın Adıgözəlov olacaq. Konsertin proqramına Vasif Adıgözəlovun “Qarabağ oratoriyası”, “Qaragilə”, “Şur” simfonik muğamı və başqa əsərlər, xalq mahnıları, təsniflər daxil edilib.