Bu il dahi bəstəkar, Azərbaycan peşəkar musiqisinini banisi Üzeyir Hacıbəylinin 125, onun bəstələdiyi ilk milli operetta olan «Ər və arvad» əsərinin isə 100 illiyidir. Üzeyir bəy həm də böyük ziyalı və maarifçi idi. Xalqı qarşısında üzərinə düşən vəzifəni gözəl dərk edir, onu ən yüksək səviyyədə yerinə yetirməyi bacarırdı. Onun «Ər və arvad», «Arşın mal alan», «O olmasın, bu olsun» operettaları, «Leyli və Məcnun», «Əsli və Kərəm», «Koroğlu» operaları mədəniyyət tariximizə bəxş etdiyi şanlı səhifələrdir.  

    Bu sırada Üzeyir bəyin «Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında», «Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında», «Türk operaları haqqında», «Leyli və Məcnun»dan «Koroğlu»ya qədər», «Arşın mal alan» haqqında qeydlərim», «Ərəblinski - teatr tariximizdə unudulmaz sənətkardır» və s. məqalələrini, «Müalicə», «Öz məişətimizdən bir dram», «4 may məclisi», «Moizə», «Müəllimlə ictimai», «Politika komediyası», «Yuxuda», «Dərs», «Komediyalar», «Quyruqlu ulduz», «Ata və oğul» və s. miniatür səhnə əsərlərini də qeyd etmək olar.
   Mayın 14-də Ü.Hacıbəylinin Bakıdakı ev-muzeyində keçirilən elmi simpoziumda da dahi bəstəkar və maarifçinin yaradıcılığının müxtəlif istiqamətləri müzakirə mövzusu idi. Muzeyin direktoru Sərdar Fərəcov «Azərbaycan teatrının inkişafında Üzeyir Hacıbəylinin rolu» mövzusunda çıxış etdi. Çıxışını əsasən bəstəkarın «Şeyx Sənan» operası üzərində quran natiq bu əsərin yalnız librettosunun bizə gəlib çatdığını bildirdi.
   S.Fərəcov Üzeyir bəyin Məleykə Terequlova ilə nişanlı olduğu dövrdə yazdığı məktubların araşdırıldığını qeyd edərək vurğuladı ki, bəstəkar bu mövzunu həvəslə işləməyə başlayıb. Təəssüf ki, bu əsərin notları, partiturası bizə gəlib çatmayıb, çünki müəllif bizə bəlli olmayan səbəblərdən onları məhv edib.
   Bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə isə çıxışında Üzeyir bəyin şəxsiyyətinə və yaradıcılığına qiymət verərkən nə mübaliğəyə, nə də təhrifə yol verməməyi tövsiyə etdi: «Üzeyir bəy bizə bəxş edilmiş bir sərvətdir. Onun haqqında danışanda çox düşünüb-daşınmaq lazımdır. Amma onun dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmırdı. Konservatoriya təzə açılanda Rusiyanın bir çox musiqiçiləri Bakıya gəldilər. Üzeyir bəy vaxtında anladı ki, bu mübadilə bəzi gənc Azərbaycan bəstəkarlarının inkişafına mənfi təsir edə bilər. Həmin gənclərin Rusiyadan gəlmiş bəstəkarlara kömək üçün müraciət edib, əslində isə onları təqlid etməsi təhlükəsi böyük idi. Ona görə də hətta Qliyer kimi böyük sənətkar da burdan getməli oldu. Yalnız instrumentalçılar qaldılar, çünki burda təqlid etmək mümkün deyildi. O ki qaldı Üzeyir bəyin «Şeyx Sənan» operasının partiturasını məhv etməyinə, bəstəkar çox düzgün hərəkət edib. Çünki Şeyx Sənan əhvalatı Leyli və Məcnun qədər əks-səda doğurmayacaqdı...»
   
   Samirə Behbudqızı