Uşaqlar üçün müxtəlif musiqi əsərləri yazan bəstəkarlar çoxdur. Sözsüz ki, bəstəkarlıq məktəbində onların hər birinin öz yeri, öz dəst-xətti var. Ustad bəstəkar, pedaqoq və musiqişünas, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq də belə sənətkarlardandır.
O, 1940-cı ildə Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o, Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb. Sonra peşəkar bəstəkarlıq fəaliyyəti başlayıb. Bəstəkar həmin illəri belə xatırlayır:
- 1967-1974-cü illərdə Bakının 190 saylı məktəbində məktəbli filarmoniyası yaratdıq. Filarmoniyanın nəzdində uşaq opera studiyası təşkil etdik. “Tülkü həccə gedir” komik-alleqorik opera-nağılını da o vaxt yazdım. Bu əsər balaca aktyorların ifasında böyük uğur qazandı. Onu da deyim ki, 60-70-ci illərdə respublikamızda çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilirdi. Həmin tədbirlərdən bir çoxunda birləşmiş xor repertuarını işləmişəm.
Rəşid Şəfəq 1920-1970-ci illərdə müxtəlif bəstəkarlar tərəfindən yazılan uşaq mahnılarının da bir qismini xor üçün işləyib. “Beynəlxalq uşaq ili “ (1979) münasibətilə “Göyərçinik biz” adlı mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar və yeniyetmələr üçün “Məktəblinin musiqi aləmi” (1986 ) adlı kitabı işıq üzü görüb. Kitaba ön sözü böyük bəstəkar Fikrət Əmirov yazıb. İki il sonra (1988 ) xor almanaxı şəklində “Məktəbli mahnıları” adlı yeni əsəri çap olunub. Bu xor məcmuəsinə o dövrün görkəmli bəstəkarı D.B.Kabalevski ön söz yazıb.
Bəstəkar qeyd edir ki, əsərləri keçmiş SSRİ-nin musiqi nəşrlərində dərc olunub:
- 1985-ci ilin yayında Moskvada idim. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 100 illik yubileyinə hazırlıq gedirdi. Bu münasibətlə onun “Ey Vətən” mahnısını qadın xoru üçün işləmişdim. Şair V.Dubrovinlə mətni rus dilinə tərcümə etdik. “Ey Vətən” xor əsəri “Sovetskaya muzıka” və “Muzıkalnaya jizn” jurnallarında çap olundu.
Rəşid Şəfəq 80-ci illərdə tanınmış rus şairi S.Marşakın poemaları əsasında “Səfeh siçan balası”, “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək maraqlı uşaq operaları yaradıb. Bəstəkarın Moskvada nəşr olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, “Cəngavərlər” vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılıb. Bəstəkarın əsərləri SSRİ-nin Mərkəzi Teleradiosunun uşaq xorunun, keçmiş sovet respublikalarının, eləcə də Türkiyə, Bolqarıstan, Almaniya və s. ölkələrin uşaq xor kollektivlərinin repertuarında özünə layiqli yer tutub.
Onun mahnıları “Qaya” vokal kvarteti, “Sevil” vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya efirində səsləndirilib. Uşaq xor kollektivlərinin, o cümlədən AzTV-nin «Bənövşə» uşaq xorunun, «Qız qalası» uşaq xor kapellasının, «Mələklər», «Bəri bax» vokal ansambllarının ifasında mahnıları bu gün də səslənməkdədir.
Rəşid Şəfəqin yaradıcılığı çoxşaxəlidir. Onun uşaqlar üçün yazdığı əsərlərindən “Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyasını, “Tülkü, Tülkü, Tünbəki...” komik folklor nağıl-operasını, “Bayquşların söhbəti” uşaq nağıl-operasını, üçpərdəli operanı, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən “Balaca Elnurun musiqi albomu”, “Cəngavərlər” vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Azərbaycan avazları” və s. əsərlərini göstərmək olar.
Bəstəkar mətbuatda maraqlı yazılarla da çıxış edir. Görkəmli musiqi xadimləri haqqında onlarca məqalə və resenziyaları dövri mətbuatda dərc olunub.
İnanırıq ki, ustad sənətkar gələcək yaradıcılıq işlərində dinləyiciləri, xüsusilə kiçikyaşlı musiqisevərləri yeni-yeni əsərləri ilə sevindirəcək.
Savalan Fərəcov