Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları arasında Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, professor Arif Məlikovun öz dəst-xətti var. Onun musiqisi yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində səslənərək müəllifə böyük şöhrət qazandırıb.
Bəstəkar musiqinin müxtəlif janrlarına müraciət edərək dəyərli sənət əsərləri yaradıb. Bu əsərlərdə klassik və müasir musiqi üslublarından istifadə edən bəstəkar milli köklərdən də uzaqlaşmır. Bu yerdə dahi Üzeyir bəyin belə bir fikri yada düşür. O yazır ki, hər bir bəstəkar bəstəkarlıq texnikasına yiyələnməzdən əvvəl milli alətlərimizdən birində mükəmməl çalmağı bacarmalıdır ki, həm xalq musiqisini dərindən mənimsəsin, həm də milli zəmində professional əsər yarada bilsin. Böyük bəstəkarın davamçıları, o cümlədən Arif Məlikov bu tövsiyəyə əməl etdiklərindən onların əsərləri daim sevilir və seviləcək.
Arif Məlikovun yaradıcılığı daim yazarların, musiqişünasların diqqət mərkəzindədir. Gənc bəstəkar və alim Lalə Cəfərovanın da bu irsə müraciət etməsi təbiidir. Onu da qeyd edək ki, A.Məlikovun yaradıcılığına monoqrafiya həsr edən L.Cəfərova bəstəkarlıq üzrə Arif müəllimdən dərs alıb.
1991-ci ildə Bakı Musiqi Akademiyasını fortepiano, 1997-ci ildə isə bəstəkarlıq ixtisası üzrə fərqlənmə diplomları ilə bitirib. 1991-ci ildən BMA-nın müəllimi kimi fəaliyyət göstərir, 1999-cu ildən Bəstəkarlar İttifaqının üzvüdür. Dəfələrlə bəstəkar kimi simpozium və konfranslarda çıxış edib. 2007-ci ildə BMA-da sənətşünaslıq namizədi dərəcəsini almaq üçün dissertasiya müdafiə edib. O, bir sıra elmi məqalələrin, habelə bəstəkar əsərlərinin müəllifidir.
L.Cəfərovanın “Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri” monoqrafiyasında bəstəkarın orkestrləşdirmə üsulları, əsərlərin həm obraz məzmunu, həm dramaturji xətti, dramaturgiyanın və obrazın yaradılmasında, digər musiqi sahələrinin inkişafında orkestrin rolu tədqiq edilir.
Tembr və faktura elementləri A.Məlikovun əsərlərinin üslub xüsusiyyətlərinin vacib amilləridir. Bəstəkarın balet musiqisində onun simfonik təfəkkürünün tədqiqi və təcəssümü monoqrafiyada qoyulan mövzunun əsasını təşkil edir.
Monoqrafiyada müəllifin əsas məqsədi bəstəkarın “Məhəbbət əfsanəsi”, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərində tembr və faktura xüsusiyyətlərinin, musiqi obrazlarının yaranmasında dramaturji xəttin rolunu bir inkişaf prosesi kimi araşdırmaqdan ibarət olub.
L.Cəfərova qeyd edir ki, A.Məlikovun balet musiqisi tembr və faktura rəngarəngliyinə, ifadə vasitələrinin qeyri-adiliyinə, səslənmə əzəmətinə və s. cəhətlərə görə simfonikləşmənin ən parlaq zirvəsinə qalxa bilib. Tədqiqatçı bəstəkarın baletlərində istifadə olunan muğamların adını çəkərək onların intonasiya baxımından bəstəkar tərəfindən sərbəst və geniş istifadə olunmasını qeyd edir, baletlərdə musiqi alətlərinin istifadəsinə, onların ifadə imkanlarına görə orkestrin səslənməsində yeni məziyyətlərə nail olduğunu açıqlayır.
Ümumiyyətlə, müəllif belə qənaətə gəlir ki, A.Məlikov baletlərində instrumental yazı üsullarından istifadə etməklə qeyri-adi səslənməyə nail olur və orkestrin bütün imkanlarını cəsarətlə, novatorcasına açır, alətşünaslıqdan maksimal istifadə edərək orkestr koloritini zənginləşdirir.
Monoqrafiyada faktura dramaturgiyanın inkişaf yollarının icmalı kimi verilir və fakturanın üç komponentinə yer ayrılır. Tədqiqatçının fikrincə, A.Məlikovun balet musiqisində müxtəlif faktura növləri müşahidə olunur. Müəllif qeyd edir ki, bəstəkar müxtəlif tərzdə orkestr fakturasını işləməklə “faktura dramaturgiyası”nı inkişaf etdirir.
Qeyd etmək lazımdır ki, monoqrafiyada təqdim olunan əsərlər - “Məhəbbət əfsanəsi” “Bu torpaqda iki nəfər”, “ İki qəlbin dastanı” baletləri uzun illərldir ki dünyanın bir çox ölkələrini gəzərək böyük müvəfəqiyyətlə səhnəyə qoyulub, geniş tamaşaçı rəğbəti qazanıb. A.Məlikov musiqisindəki melodik özünəməxsusluq, milli kolorit incəliyi, maraqlı ritm, ecazkar orkestr yazısının tembr və faktura rəngarəngliyinin sehri dünya səhnələrində dinləyiciləri valeh edir.
2008-ci ilin noyabrında bəstəkarın 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalında dünya şöhrətli “Məhəbbət əfsanəsi” baleti Bakı tamaşaçılarına təqdim olundu. Eyni zamanda, balet Sankt- Peterburq Akademik Marinski Teatrı artistlərinin ifasında Heydər Əliyev Sarayında tamaşaya qoyuldu.
Dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, A.Məlikov öz əsərlərilə vətənini təbliğ və tərənnüm edir. O, vətəninə olan sonsuz sevgisini yaradıcılığı boyu dünyanın bütün ölkələrindən keçirərək dinləyicilərdə doğma diyarı haqqında misilsiz təəssüratlar yaradır.
Bəstəkar öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin ən yeni, qabaqcıl nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Bütün deyilənlər bir daha onu təsdiq edir ki, A.Məlikovun yaradıcılığı musiqi təfəkkürünün fəlsəfi mahiyyətinin inkişafında orijinal və təkrarolunmazdır.
Tədqiqatçı L.Cəfərova da bütün bunları öz monoqrafiyasında aydın izah edə bilib. Görkəmli bəstəkarın irsi hələ çox tədqiqatların mənbəyi olacaq.
Səadət Təhmirazqızı,
musiqişünas