"Eurovision 2010"-un başa çatmasına baxmayaraq, festivalda ölkəmizi layiqincə təmsil edərək 5-ci yeri tutmuş Səfurə Əlizadənin adı internet səhifələrindən düşmür. Müğənninin İsveçdə hazırlanan "It"s my war" adlı debüt albomu haqqında amazon.com saytında ətraflı məlumat yerləşdirilib. Hələ təqdimatı keçirilməyən alboma daxil edilmiş mahnılardan biri isə artıq "Youtube" saytında yerləşdirilib. Dinləyicilərin ixtiyarına verilən "Gonna Let You Know" mahnısının "Drip drop"un ardınca növbəti hit olacağı gözlənilir. "It"s my war" adlı albomda 11 yeni mahnı və "Drip drop"un 2 remiksi yer alıb.
Qeyd edək ki, "It"s my war" adlı albomun təqdimat mərasimi iyunun 18-də Almaniyada keçiriləcək. Albom tezliklə Avropada satışa çıxarılacaq.
Səfurə Əlizadə yaxın günlərdə İsveçə yola düşəcəyini və 5 il bu ölkədə yaşayacağını açıqlayıb. Müğənni bunu Bakıda keçirdiyi mətbuat konfransında açıqlayıb. O, İsveçdə ilk olaraq albom üzərində işləyəcəyini, artıq müvafiq müqavilənin imzalandığını deyib: “Albomum işıq üzü gördükdən sonra turneyə çıxacağam. Dünyanın bir çox ölkələrində canlı instrumental qrupla konsertlərim keçiriləcək. Lakin ilk konsertim Bakıda olacaq”.
S. Əlizadə İsveçdə də Azərbaycanı layiqincə təmsil edəcəyini və hər uğurunun altına azərbaycanlı müğənni kimi imza atacağını bildirib.