Sankt-Peterburqda “Musiqi Olimpi” XV Beynəlxalq musiqi festivalı başa çatıb. Festivalda 14 ölkədən 30 musiqiçinin iştirak etdiyi 6 konsert səsləndirilib.
   
   Konsertlər şəhərin ən məşhur konsert salonlarında - Ermitaj Teatrında, Sankt-Peterburq Dövlət Kapellasında, Dövlət Filarmoniyasının böyük zalında keçirilib. Builki festival həm də beynəlmiləl tərkibi ilə fərqlənib: Almaniya, Fransa, İtaliya, Azərbaycan, Yaponiya, Avstraliya, ABŞ, Macarıstan, Sloveniya, İsveçrə, Koreya, Sinqapur, Latiya və Rusiya Federasiyasından olan ən seçilən ifaçılar, vokalçılar, dirijor və bəstəkarlar ustalıqlarını nümayiş etdiriblər.
   Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Dövlət Kapellasının simfonik orkestri dünya klassik musiqisi şedevrləri - Motsart, Puççini, Bize və Prokofyevin əsərlərindən ibarət proqramla cıxış edib. Konsertdə dinləyicilər koreyalı skripkaçı Je Xay Li, latviyalı Qunars Upatnieks (kontrabas), Qəbələdə keçirilən pianoçuların I beynəlxalq müsabiqəsinin qalibi İlya Maksimov (Rusiya) və soprano Polina Pastirçakın (Macarıstan) çıxışlarını sürəkli alqışlayıblar.
   Həmin gecə Sankt-Peterburqda ilk dəfə olaraq məşhur italyan bəstəkarı Nino Rotanın kontrabas və orkestr üçün konserti ifa olunub. Sankt-Peterburqun digər tarixi salonu olan Ermitaj Teatrının böyük zalında isə festivalın bağlanış mərasimi keçirilib. Mərasimdə Ə.Quliyevin rəhbərliyi ilə Ermitaj Dövlət simfonik orkestri və amerikalı violonçel ustası Metyu Allen, pianoçu Jen San Li (Koreya), Tomoaki Yoşida (Yaponiya) cıxış ediblər. Qeyd etmək lazımdır ki, “Musiqi Olimpi”nin təşkilatçılarının qərarı ilə builki festivalın konsertlərini idarə etmək üçün yalnız 3 dirijor dəvət olunmuşdu: Joşua Tan (Sinqapur), Kazuki Yamada (Yaponiya) və Əyyub Quliyev (Azərbaycan).