İyunun 9-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin yetirmələrinin qala konserti keçirilib. Konsertdə məktəbin builki məzunları, şagirdləri, laureatlar, Prezidentin fərdi təqaüdçüləri iştirak ediblər. Məktəbin direktoru Nigar Cərullaqızı məzunların oxuduqları illər ərzində əldə etdikləri yüksək nailiyyətləri, yiyələndikləri sənəti tam dolğunluğu ilə nümayiş etdirdiklərini söyləyib.
Musiqi məktəbinin yetirmələri və şagirdləri Şarl Qunonun “Faust” operasından parçaları, Bethovenin 7 nömrəli sonatasını, Şopenin 1 nömrəli balladasını, Listin 8 nömrəli transendent etüdünü, Haydnın 42 nömrəli sonatasını, Azərbaycan muğamlarını ifa ediblər. Tamaşaçılar Anar Seyidov, Kamil Cəfərov, Toğrul Hüseynli, Aytac Şıxəlizadə, Səbinə Vəlibəyova və digər şagirdlərin ifalarını alqışlarla qarşılayıblar.