Azərbaycanın musiqi tarixində Xədicə Qayıbova, Kövkəb Səfərəliyeva kimi mahir xanım pianoçular olub. Haqqında söhbət açacağımız Yeganə Axundova da öz sələflərinin yolunu layiqincə davam etdirən sənətkardır. Onu tanıyanlar səmimiyyətinə, istedad və bacarığına yaxşı bələddirlər. Mədəniyyətimizin əldə etdiyi uğurlarda Əməkdar artist, professor Yeganə Axundovanın da layiqli payı var.
   
   Yeganə Əsgər qızı Axundova Bakıda anadan olub. Erkən yaşlarından onda musiqiyə məhəbbət yaranıb. Bülbül adına Musiqi Məktəbində Valeriya Seyidovanın sinfində fortepiano dərsi alıb. Sonra təhsilini Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası) Nigar Usubovanın fortepiano sinfində davam etdirib. Konservatoriyanı da uğurla başa vuran gənc pianoçu bir neçə müsabiqə və festivallarda çıxışlar edib. İlk böyük uğuru 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində III mükafata layiq görülməsi olub. Bu uğurdan həvəslənən pianoçu ifasını daha da təkmilləşdirmək məqsədilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor İ.Naumovun ixtisas sinfində stajçı olub.
   Bu təhsil mərhələləri Yeganə xanıma öz istedadını ifaçılıq texnikası ilə nümayiş etdirmək imkanı verib. Odur ki, bu gün onun ifası möhtəşəm və parlaqdır. Fortepianonun şirmayi dillərində öz ürəyinin sevgisi ilə səsləndirdiyi əsərlər insan qəlbini riqqətə gətirir. Onun repertuarı çox zəngindir. Qərb və rus klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də böyük məharətlə ifa edir. Təbii ki, hər bəstəkarın öz üslubu var. İfaçının bunu duyması çox çətindir. Bu çətinliyi isə Yeganə xanım asanlıqla dəf edir. İfa etdiyi hər bir əsəri özünəməxsus şəkildə interpretasiya edir. Odur ki, bəstəkarlar öz əsərlərini onun ifasında eşitməkdən çox məmnundurlar. Bu yerdə Əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovanın dediklərini diqqətinizə yetirirəm:
   “İlk tanışlığımızdan Yeganə xanımın ifa məharəti məni valeh etdi. O, bəstəkarın əsərini elə bəstəkarın özü qədər duya bilir. Bu cəhət də hər ifaçıya xas deyil. Onun ifaçılığında böyük məna var. O, xarici bəstəkarların, Azərbaycan bəstəkarlarının əsərlərini, milli musiqimizin nümunələrini böyük həssaslıqla ifa edir.
   Yeganə Axundova öz tərəf-müqabili, mahir pianoçu Ülviyə Hacıbəyova ilə birlikdə mənim iki royal və zərb alətləri üçün yazdığım “Aşıqsayağı” və 3 hissəli “Konsertino” əsərlərimi ifa ediblər. Bu ansamblda da o, böyük texnika nümayiş etdirib. Fortepianoda duet ifa etmək o qədər də asan deyil. Bu məsuliyyətli ifa tərzini hər iki ifaçı məharətlə yerinə yetirdikləri üçün mən bir bəstəkar kimi çox məmnun qaldım. Ümumiyyətlə, məni Yeganə Axundovanın həm ifasını, həm də şəxsiyyətini yüksək qiymətləndirirəm. Baxmayaraq ki, o, məsul vəzifədə də çalışır, amma yaradıcılığından da qalmır”.
   Yeganə Axundovanın tərəf-müqabili, Əməkdar incəsənət xadimi Ülviyə Hacıbəyova da həmkarı barədə fikirlərini bizimlə bölüşdü:
   “Yeganə xanımla uşaqlıqdan bir yerdə böyümüşük. Bir həyətdə yaşayırdıq, eyni məktəbdə təhsil alırdıq. Bu cəhətlər bizi daha da yaxınlaşdırıb. Üstəlik eyni ildə və eyni bürc altında doğulmuşuq. Aramızda bir oxşarlıq da var ki, hər ikimiz musiqiçi ilə ailə qurmuşuq. Mən bəstəkar İsmayıl Hacıbəyovla, o isə Nadir Axundovla. Bu yerdə mütləq qeyd etməliyəm ki, Yeganə xanımın bir mahir pianoçu kimi yetişməsinə həyat yoldaşı, Əməkdar incəsənət xadimi Nadir Axundovun böyük dəstəyi olub. Sənətkar qadın üçün bu çox vacib amildir. Çünki ailə qayğısı insanı daha da ruhlandırır.
   Yeganə xanım mehriban insan və əsil sənət fədaisidir. Bu yerdə bir əhvalatı yada salmaq istəyirəm. Bir dəfə Türkiyəyə qastrola getmişdik. Duet çalmalı idik, amma çıxış edəcəyimiz səhnədə bir royal vardı. Odur ki, ifa edəcəyimiz əsəri bir gecəyə 4 əl üçün işləyib hazırldıq və səhərisi gün ikimiz də bir royalda çaldıq. Musiqiçilər bunun nə qədər çətin olduğunu yaxşı bilirlər. Bu çətinliyin öhdəsindən gələ bildik. Biz Yeganə xanımla bir səhnəni bölüşməkdən xüsusi zövq alırıq. Odur ki, duet ifalarımız uğurla qarşılanır”.
   Yüksək ifaçılıq nümayiş etdirən Yeganə Axundova dünyanın müxtəlif konsert salonlarında böyük alqışlarla qarşılanaraq daim uğurlar qazanıb. Onun Fransa, Amerika, Türkiyə, Macarıstan, Rusiya və s. ölkələrdə dəfələrlə uğurlu çıxışları olub. Bu səfərlərdə görkəmli sənətkarlarla birgə çıxış edib. Elə Bakıda verdiyi konsertlərdə də tanınmış sənətkarlarla birgə çıxış edib. Mayın 29-da Dövlət Filarmoniyasında məşhur skripkaçı və dirijor Şolo Mintslə olan konsert buna gözəl nümunədir. Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijorluq edən Şolo Mints S.Raxmaninovun fortepiano və orkestr üçün “Poqoni mövzusuna rapsodiyalar” ifa edən Yeganə xanımın yaradıcılığına öz heyranlığını bildirərək skripkada F.Listin kapriççiosunu ona hədiyyə olaraq ifa etdi. Yeri gəlmişkən, həmin konsertdə giriş nitqi söyləyən sənətşünaslıq doktoru, professor Fərəh Əliyeva da Yeganə xanımın yaradıcılığından ətraflı söhbət açdı.
   Müxtəlif konsert salonlarında məşhur musiqiçilərlə birgə çıxış edən Yeganə Axundova üçün də bu konsert çox əlamətdar idi.
   Bu barədə onun öz dediklərindən:
   “Bu konsert zamanı səhnəyə çıxarkən məndə xoş bir həyəcan vardı. Buna sevinc həyəcanı da demək olar. Çünki bu mənim sənətsevərlər qarşısında hesabat konsertim idi. Dirijorun da başqa ölkədən gəlməsi bu məsuliyyəti bir qədər artırdı. Belə ki, mən həm qonaqpərvərlik, həm də sənət nümayiş etdirməli idim. Çalışırdım ki, hər ikisi yüksək səviyyədə olsun. Buna necə nail olduğumu yalnız tamaşaçı deyə bilər”.
   Biz isə öz tərəfimizdən qeyd edə bilərik ki, Yeganə xanımın həmin konsertdəki çıxışından bütün tamaşaçılar məmnun qaldılar. Çünki o, həmişəkitək böyük ustalıq nümayiş etdirdi.
   Yeganə Axundovanın yaradıcılığı çoxşaxəlidir. Belə ki, o, ifaçılıqla yanaşı, təşkilatçılıq və pedaqoji fəaliyyətlə də ciddi məşğul olur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru və Fortepiano ixtisası kafedrasının professorudur. Eyni zamanda, Xəzər Universitetində “Azərbaycan və dünya musiqisi” kursunu aparır. Eləcə də o, burada keçirilən “Azərbaycan klassik musiqisinin korifeyləri” adlı bədii-musiqili tədbirlərin müəllifi və təşkilatçısıdır. 2006-cı ildə onun rəhbərliyi ilə Xəzər Universitetinin tələbə və müəllim heyətinin ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis dilində səhnələşdirilib. Yeganə xanımın bu yöndə layihələri davam edir. Yaradıcılığının bir şaxəsini də onun bəstəkarlığı təşkil edir. Əsərlərindən mahnılar, fortepiano prelüdləri, 2 fortepiano üçün “Aşıqsayağı” pyesi, “Mi Parti” fortepiano kompozisiyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə “İthaf” kompozisiyası və başqalarının adını çəkə bilərik.
   Yeganə xanım üçün sənət mübarizə meydanıdır. O, bu meydandan həmişə alnı açıq, üzüağ çıxıb. Fəaliyyəti də yüksək qiymətləndirilib. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. “Humay” mükafatı ilə təltif edilib. Ona Yusif Məmmədəliyev və “Nobel” medalları təqdim olunub. Bütün bunlar görkəmli pianoçu Yeganə Axundovanın sənət uğurlarıdır. Qarşıda isə onun böyük yaradıcılıq planları var. Əminik ki, o, bu planlarını uğurla həyata keçirib mədəniyyətimizə yeni töhfələr bəxş edəcək.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas