İyunun 21-24-də Zaqatalada rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Dünya bizim evimizdir, onu qoruyaq” devizi altında III Beynəlxalq musiqi və dostluq festivalı keçirilib.
   
   «17 iyun - Dünya səhralaşma və quraqlığa qarşı mübarizə günü» münasibətilə keçirilən festivalda Türkiyənin Qəbzə şəhəri Özəl Eyitim qurumlarını təmsil edən müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti, habelə respublikamızın Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərini və 10 rayonu təmsil edən uşaq yaradıcılıq mərkəzlərinin kollektivləri iştirak ediblər.
   Festival iştirakçıları ilə görüşdə isə Zaqatala rayonu, habelə rayon uşaq yaradıcılıq mərkəzinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Rayon İH başçısının birinci müavini Elman Ramazanov qonaqları səmimi salamlayaraq onlara Zaqatala rayonunun coğrafi mövqeyi, tarixi, təbiəti, iqtisadiyyatı, əhalisi, elm və təhsili, mədəniyyəti barədə ətraflı məlumat verib.
   Görüşdən sonra festival iştirakçıları ümummilli liderin adını daşıyan parkda yerləşən Heydər Əliyev Mərkəzinə baxıb şəhərin mərkəzi hissəsində Zaqatala-Qəbzə dostluq parkında ağac əkiblər.