Musiqiçilərimizin ifasına heyran qalan tamaşaçılar “Qarabağ şikəstəsi”ni ayaqüstə alqışladılar
İyunun 24-26-da İran İslam Respublikası Mədəniyyət və İslami İrşad Nazirliyinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muğam Teatrının ansamblı Tehran şəhərində qastrol səfərində oldu. Əməkdar incəsənət xadimi Arif Qazıyevin rəhbərlik etdiyi kollektivin üzvlərinin iyunun 25-də Tehranın “Talari-Vəhdət” («Vəhdət sarayı») konsert salonunda çıxışı mədəniyyətimizin, milli musiqimizin təntənəsi idi. Ansambl qastrol səfərinə bədii rəhbər Vüsal İsgəndərzadənin peşəkar səviyyədə hazırladığı konsert proqramı ilə getmişdi.
Konsert proqramını İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyinin məsul işçiləri, İran İncəsənət İnstitutunun əməkdaşları və yerli incəsənət adamları, İran İslam Respublikasında fəaliyyət göstərən 10-dan cox xarici ölkənin səfirləri, yerli tamaşaçılar izləyirdi.
Baxmayaraq ki, konsertin vaxtı İran ictimaiyyətinə cəmisi bir gün əvvəl elan olunmuşdu, 1000 nəfəlik zal tamam dolmuşdu. Əlbəttə, tədbirə böyük tamaşaçı marağının təmin olunmasında, konsertin anşlaqla keçməsində ölkəmizin İrandakı səfirliyinin, başda səfir Cavanşir Axundov olmaqla bütün səfirlik əməkdaşlarının cox boyük rolu vardı.
Tədbirin aparıcısı İran İslam Respublikasında Azərbaycanın Musiqi Mədəniyyəti Ocağınını rəhbəri Abdulllah Əsədullahi giriş nitqi söylədikdən sonra sözü Muğam Teatrının direktoru Arif Qazıyevə verdi. Dünyanın bir sıra ölkələrində, İranda, Hindistanda, Türkiyədə, Pakistanda, Orta Asiyada muğam ifaçıları olduğunu qeyd edən A.Qazıyev «Amma Azərbaycan yeganə ölkədir ki, burada Muğam Teatrı fəaliyyət göstərir. Mən çox şadam ki, dünyanın 80-dən cox ölkəsində qastrol səfərlərində olan Muğam Teatrı İran torpağında sizin görüşünüzə gəlib. İran xalqı bizim musiqimizı, muğamlarımızı, xalq mahnılarını və aşıq musiqisini boyük maraqla dinləyir. İnanıram ki, muğam ifaçılarımızın çıxışları sizin üçün böyük bir hədiyyə olacaq».
Sonra ansamblın çıxışları başlandı. Televiziya muğam müsabiqəsinin laureatları - İlkin Əhmədovun dahi şairimiz Füzulidən, Vüsal Zamanovun ustad Şəhriyarın qəzəllərindən ibarət ifaları, xüsusilə də “Qaragilə” mahnısı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Respublikada ilk saz məktəbinin təşkilatçısı, beynəlxalq müsabiqələr laureatı Nemət Qasımovun ifa etdiyi “Urfani” və “Orta Sarıtel” havaları böyük marağa səbəb oldu. Konsertin sonunda İlkin Əhmədov, Vüsal Zamanov, Zeynəb Behbudova, Ülviyyə Rəhimova və Vəsilə İbrahimovanın ifasında “Qarabag” şikəstəsi səslənəndə tamaşaçılar ayağa qalxdılar və onların çıxışını ayaqüstə dinlədilər. Konsert salonunu sürəkli alqışlar bürüdü.
Sonda Muğam Teatrının direktoru Arif Qazıyev yekun söz demək üçün yenidən səhnəyə çıxdı. O, Azərbaycan musiqisinə göstərilən dərin sevgi və hörmətə görə bütün tamaşaçılara təşəkkür etdi.
Konsertdən sonra yerli əhalinin konsertlə bağli fikirlərini öyrəndik. Tamaşaçılar Azərbaycan incəsənət ustalarının İranda tez-tez çıxış etmələrini arzulayaraq musiqimizə, Azərbaycan muğamına, xalq mahnılarına və saz havalarına böyük sevgilərini ifadə etdilər.
Rafiq Vəliyev,
Bakı-Tehran-Bakı