İstedadlı vokalçı Əvəz Abdullayevin sənətə gəlişinin maraqlı tarixçəsi var. O, xoş təsadüfün və xeyirxah insanların köməkliyi sayəsində musiqi dünyasına qədəm qoyub. Sənətçi özü bu barədə belə deyir:
   
   “Musiqiçi olacağım ağlıma gəlməzdi. Xüsusən də vokal sənətini seçmək nə arzum, nə də məqsədim olub. Sadəcə olaraq, eşitdiyim və ürəyimə yatan mahnıları öz-özümə zümzümə edirdim. Ustad sənətkarlarımız Bülbülün, Rəşid Behbudovun repertuarından bir neçə musiqi öyrənmişdim. Orta məktəbi bitirib Aviasiya Akademiyasına daxil oldum. 1998-ci ildə ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə iş tapa bilmədiyim üçün bir müddət aşpaz işləməli oldum. Günlərin birində dostlarımla birlikdə Qubaya səyahətə getməli olduq. Yolda baş verən xoş bir təsadüf mənim həm düşüncələrimi, həm də həyatımı dəyişdi. Yol getdiyimiz avtobusda Azərbaycan Qadınlar Şurasının nümayəndələri də vardı. Yolboyu deyib-gülür, söhbət edirdik. Avtobusda maqnitofon işləmədiyindən dostlarım mənə oxumağı təklif etdi. Mən də bildiklərimdən oxudum. Bunu eşidən səfər yoldaşlarımız məni alqışladılar və dedilər ki, sənin əsl vokal səsin var. Bizimlə yol yoldaşı olan Qadınlar Şurasının rəhbəri Zemfira Verdiyeva isə mənim sənətə yönəlməyim üçün lazımi kömək göstərəcəyini söylədi. Həqiqətən belə oldu. Biz Bakıya qayıdandan sonra məni Əməkdar artist Natəvan Şeyxovanın yanına dəvət etdilər. O, səsimi bəyəndi. Sonra məni musiqi sahəsində peşəkar səviyyədə məşğul olmaq üçün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mürsəl Bədəlovla tanış etdi. Rəhmətlik Mürsəl müəllim mənimlə bir qədər məşğul olduqdan sonra mən özümü tamamilə bu sənətə həsr etmək qərarına gəldim. Sonra Musiqi Akademiyasının vokal şöbəsinə daxil oldum. Burada görkəmli vokalçılar - xalq artistləri Fidan və Xuraman Qasımovalardan dərs aldım. Sənət taleyim belə başladı”.
   İndi isə, gəlin, Əvəz Abdullayevin sənətdəki nailiyyətlərindən danışaq.
   Tədricən vokal sənətinin sirlərinə bələd olan Ə.Abdullayev böyük səhnəyə can atır, opera müğənnisi olmağı qərarlaşdırır. Musiqi Akademiyasında oxuyarkən opera sənəti üzrə səhnə hərəkətlərini, bu sənətin müxtəlif incəliklərini tanınmış rejissor Gülcahan Güləhmədova-Martınovadan öyrənmişdi. Bu biliklərə yiyələnən gənci sonuncu kursdan Opera və Balet Teatrına qəbul edirlər.
   Teatrda ilk rolu Puççininin “Bogema” operasında Martini obrazı olub. Sonra Puççininin “Çio-çio-san”, “Madam Batterflay”, “Toska», Cüzeppe Verdinin “Trubadur”, “Traviata”, “Riqoletto”, “Aida” operalarında rol alıb. Gənc sənətçi Xalq artisti Firəngiz Əlizadənin professor Nərgiz Paşayevanın əsəri əsasında yazdığı “İntizar” operasında da çıxış edib.
   Əvəz Abdullayev bu gün artıq püxtələşmiş opera müğənnisi kimi təkcə respublikamızda deyil, müxtəlif ölkələrin səhnələrində də maraqlı obrazlarla çıxışlar edir. Hər dəfə də çıxışları uğurla qarşılanıb. Bu müvəffəqiyyətlərin başlıca səbəbi odur ki, o, bir ifaçı kimi daim öz üzərində çalışır. Sənətçi vokal imkanlarını daha da genişləndirmək və peşəkarlığını artırmaq məqsədilə Moskvada görkəmli vokalçı Misterenkodan, Almaniyada Lüdviq Baumon və Dmitri Xaritonovdan ustad dərsləri alıb.
   Məhz bu çalışqanlığı və sənət məsuliyyəti onun yaradıcılığına gözəl nailiyyətlər bəxş edib. Bu yerdə Ə.Abdullayevin iştirak etdiyi bir neçə müsabiqə və festivalların adını çəkək. Sənətçi Bakıda keçirilən Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsinin laureatı olub. Daha sonra bu müsabiqənin laureatlarının iştirakı ilə Moskva Konservatoriyasında keçirilən konsertdə uğurla çıxış edərək nüfuzlu İrina Arxipova Fondu tərəfindən xüsusi medala layiq görülüb.
   UNESCO-nun xətti ilə Parisdə keçirilən konsertdə, Almaniyada keçirilən «Azərbaycan mədəniyyəti günləri»ndə, İtaliyanın Roma şəhərində keçirilən konsertlərdə və digər xarici səfərlərdə Ə.Abdullayev öz bariton səsinin qüvvəsi ilə Azərbaycanı təmsil edib.
   Sənətçi beynəlxalq səviyyəli müsabiqə və festivallardakı çıxışı barədə belə deyir: “Xarici ölkələrdə çıxış edərkən özümə daha ciddi məsuliyyətlə yanaşır, məni həmin festivallara göndərən insanların etimadını doğrultmağa çalışıram. Bu yaxınlarda Həştərxan şəhərində iştirak etdiyim festival buna misaldır. Rusiyanın Mədəniyyət Nazirliyi tərəfindən bizim Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunmuşdu ki, Verdinin “Riqoletto” operasında çıxış etmək üçün ifaçı tələb olunur. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri, professor Fərəh Əliyeva və Opera və Balet Teatrının direktoru Akif Məlikov məni məsləhət görüb Həştərxana göndərdilər. “Riqoletto” operasındakı çıxışım tamaşaçıların alqışları ilə qarşılandı. Sevindim ki, bu insanların etimadını doğrulda bildim.
   Daha bir uğurum da Çexiyanın Brno şəhərindəki çıxışımla bağlıdır. Orada Leoş Yanoçik adına Opera Teatrında “Madam Batterflay” operasında Şarples obrazını ifa etdim. Bu onların çox xoşuna gəldi və mənə Verdinin “Nabukko” operasında oxumağı təklif etdilər”.
   Bu yerdə Əvəzin sözünə ara verərək nəzərinizə çatdırmaq istəyirəm ki, “Nabukko” Verdinin ən məşhur operasıdır. Məhz bu operanın uğuru bəstəkarı daha sonra 20-dən çox opera yazmağa sövq edib. Onu da qeyd etməliyik ki, “Nabukko” operası vokalçıdan böyük məharət tələb edir.
   Əvəz Abdullayev: “Mənə bu operanı oxumaq üçün iki ay vaxt verdilər. Mən də Bakıya gəlib Opera və Balet Teatrında öz konsertmeystrimizlə bu əsəri mükəmməl öyrəndim. Sonra isə Çexiyaya gedib orada ifa etdim. Mənim ifamı böyük alqışlarla qarşıladılar. Hətta operanı oxuduqdan sonra orada qalıb, işləməyim barədə müqavilə imzalamaq istədilər. Mən isə Vətəndən uzaqda yaşaya bilmədiyim üçün bu müqaviləni imzalamadım. Amma onlar məni növbəti festivala dəvət etdilər. Bu ilin avqustunda Avstriyada böyük bir festival keçiriləcək. Həmin festivalda Brno şəhərində çıxış etdiyim teatrın orkestri və solistləri ilə birgə iştirak edəcəyəm. Özü də bu festival açıq havada, gəmidə keçiriləcək”.
   Sənətçi avqustda Münhendə keçiriləcək festivala da dəvət alıb. Bu festival üç ildir keçirilir və avqustda onun böyük konserti olacaq.
   Əvəz Abdullayev 2008-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. Onun yaxşı cəhətlərindən biri də odur ki, qazandığı uğurlarla kifayətlənmir, daim yeni ideyalar üzərində düşünür. Opera sənətinin bəzi problemləri onu narahat edir. Bu barədə Əvəz Abdullayevin düşüncələrindən: “İstəyirəm ki, opera janrına münasibət daha da yüksək olsun. Təbii ki, bu da təbliğatdan asılıdır. Odur ki, bu təbliğat yolunu axtarıb tapmalıyıq. Hazırda yeni rollar, o cümlədən dahi Üzeyir bəyin “Koroğlu” operasında Həsən xan obrazı üzərində çalışıram. Arzu edirəm ki, “Koroğlu” operası açıq havada səslənsin”.
   Biz isə öz növbəmizdə maraqlı düşüncələrini bizimlə bölüşən ifaçımıza uğurlar arzulayırıq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas