NASA-nın 1977-ci ildə Voyager-1 və Voyager-2 planetlərarası stansiyalarında kosmosa göndərdiyi musiqi əsərlərini “Yerdən gələn səslər” adlı diski əldə etməklə dinləmək mümkündür.
   
   “RİA Novosti” xəbər verir ki, yadplanetlilər üçün konsertin yazısının surəti Moskvada M.İ.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində saxlanılır. Proqrama klassik əsərlər, xalq musiqisi daxildir. Qızıl suyuna salınmış diskdə 20-dən çox ölkənin, o cümlədən Yaponiya, Yeni Qvineya, Çin və Meksika xalqlarının melodiyaları toplanıb.
   Qeyd edək ki, keçmiş Sovet İttifaqı respublikalarının musiqi mədəniyyəti NASA tərəfindən seçilmiş cəmi iki kompozisiya ilə təmsil olunub. Diskdə Azərbaycan muğamı və gürcü polifoniyası yer alıb.
   İnstrumental musiqi ilə yanaşı, hamımız üçün çox adi olan səslər - addım səsləri, küləyin vıyıltısı, yarpaqların xışıltısı, quşların civiltisi, habelə 55 dildə “salam” sözü də kosmosa səyahət edib.