Xəbər verdiyimiz kimi, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin nümayəndə heyəti tərkibində Bakıda səfərdə olan iranlı musiqiçilər iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış ediblər.

İranın məşhur musiqiçisi doktor Seyyid Əli Mohtabad və “Rudəki” ansamblının üzvləri alqışlarla qarşılandı. Xüsusilə xanəndə Mohtabadın məlahətli səsi ilə İran dəstgahlarından gözəl nümunələr ifa etməsi tamaşaçıları heyrətə gətirdi. O, dəstgahlardan parçalar oxuduqca, pərdələrdə gəzişərək, zəngulələr vurduqca salonu alqış sədaları bürüyürdü.

Əlbəttə, bunun da başlıca mənbəyi Şərqin muğam barigahıdır ki, insanları doğmalaşdıran da onun müqəddəsliyidir. Fürsətdən istifadə edib Seyyid Əli Mohtabadla qısa söhbət etdik. O təəssüratını bizimlə bölüşdü:

- Mən Azərbaycanı, Bakını çox sevirəm. Çünki burada gözəl muğam sənətkarları olub, indi də var. Eşitdiyimə görə, buranın dəstgahxanları (muğam ifaçıları - red.) bizim dəstgahxanlara çox qulaq asırlar. Bizlər də sizin xanəndələri çox izləyirik. Mən özüm azəri muğamlarını çox xoşlayıram. Hərdən çalışıram ki, onların bəzi guşəxanlıqlarını edim. Bu sizə olan sevgimdir. Çalışacam ki, Bakıya tez-tez gəlim. Bütün Azərbaycanı gəzim. Burada oxumaqdan çox məmnun oldum.

Elə biz də qonaqlarımızın çıxışlarından çox məmnun qaldıq. Bu yerdə onu da qeyd etməliyik ki, xanəndə Mohtabadı müşayiət edən “Rudəki” ansamblının üzvləri də çox peşəkar musiqiçilərdir. Ansamblın tərkibinə daxil olan kamança, santur, setar, dəf və s. alətləri ifaçılar çox məharətlə dilləndirirdilər. Şəhərimizin bu nəğməli qonaqları könüllərə xoş ovqat bəxş etdilər. Əminik ki, səhnələrimizdə bu və ya digər belə peşəkar sənətkarları tez-tez görəcəyik.

Səadət Təhmirazqızı,

musiqişünas