Xalq şairi Səməd Vurğunun yaradıcılığı bəstəkarlarımızın diqqətini həmişə cəlb edib, onun əsərləri əsasında opera, balet, simfoniya, simfonik poema, kantata və mahnı janrında dəyərli sənət nümunələri yaradılıb. Dahi Üzeyir Hacıbəyovdan başlamış müasir bəstəkarlarımızadək böyük musiqiçilər dəstəsi bu ecazkar poeziyaya dönə-dönə müraciət ediblər.   

   Bəstəkarlarımızla yanaşı müğənnilərimiz, musiqi ifaçılarımız da bu qüdrətli poeziyadan ilham almış, Vurğun misralarının musiqi dilində ifasına mənəvi borc və şərəf işi kimi baxmış, öz ifalarında əbədiləşdirmişlər. Belə sənətçilərdən biri də unudulmaz müğənnimiz, Xalq artisti Şövkət Ələkbərova olub.
   Şövkət xanım hələ ötən savaşın ağır günlərində şairin sözlərinə Üzeyir bəyin yazdığı mahnılarla, xüsusən «Şəfqət bacısı» mahnısı ilə səngərləri, qazmaları, hospitalları dolaşıb, oğul və qızlarımızı mərdliyə, hünərə, qələbəyə səsləyib:
   
   Gəl, ana yurdumun qızı, gəlini,
   İndi hünər vaxtı, qeyrət dəmidir.
   Sən də əsirgəmə kömək əlini,
   Hər sözün, söhbətin can məlhəmidir...
   
   «Şəfqət bacısı» müğənninin ömrü boyu repertuarından düşməyib, dinləyiciləri valeh edib.…
   Bəstəkar Səid Rüstəmovun şairin sözlərinə bəstələdiyi «Oxu, gözəl» mahnısı Şövkət xanımın ən uğurlu mahnılarından olub və müğənninin daha da şöhrətlənməsinə, sevilməsinə ciddi təsir göstərib.
   Müğənninin ifasında bu ecazkar mahnı qəlbləri riqqətə gətirir, könülləri oxşayır, kövrək duyğuları oyadır, eyni zamanda insanı həyata səsləyirdi. Şövkət xanım bu mahnını oxumağa başlayanda elə bil konsert salonuna ay işığı düşür və bu işığın fonunda doğma yurdun meşələri, çəmənləri, laləli düzləri, dağı, aranı, vələs ağacının kökündən süzülən şırıltılı bulaqları canlanırdı.
   Şövkət xanım oxuyurdu:
   
   Ay işığı, bulaq başı, göy çəmən,
   Bir dünyamız, bir sən özün, bir də mən.
   Pərdə-pərdə gah ağlayan, gah gülən
   Nəfəsinlə oxu, gözəl, qoy səsin
   Ürəyimdə kaman kimi titrəsin…
   Şövkət xanım bu mahnını oxuyanda istər-istəməz kövrəlirdin, istəsən də, istəməsən də qoca təbiətin qanunları ilə razılaşmalı olurdun.
   Şövkət xanım oxuyurdu:
   
   Karvan-karvan göydən ulduzlar köçür,
   Hər kəs öz bəxtinə bir ülkər seçir.
   Qocalırıq,…ömür keçir, gün keçir,
   Oxu, gözəl! Oxu gözəl, qoy səsin
   Ürəyimdə kaman kimi titrəsin...

   
   Bütün bunlarla yanaşı Şövkət xanımın bu ifası insanda yaşamaq, yaratmaq əzmini artırır, həyat nemətlərindən zövq almağa çağırır və bu zövqü tamaşaçı, dinləyici elə mahnının özündən alırdı.
   Şövkət xanım oxuyurdu:
   
   Can evimə sığışmayan arzular
   Bir dünyada neçə dünya arzular.
   Məhəbbətin nə ilki, nə sonu var
   Oxu, gözəl! Oxu gözəl, qoy səsin
   Ürəyimdə kaman kimi titrəsin...

   Bir sözlə, elə bil bu mahnı Şövkət xanımın boyuna biçilmişdi, müğənni bu mahnıda həm də öz obrazını yaradır və tamaşaçıya-dinləyiciyə təqdim edirdi. Hətta onun yetirmələri Şövkət xanımla bağlı tədbirlərdə bu mahnını «Oxu, Şövkət» müraciəti ilə ifa edirdilər və bu da yerinə düşürdü. Doğrudan da bu nəğmədə həmişə təravətli və eyni zamanda böyük müğənni Şövkət xanımın özü görünürdü…
   1976-cı ildə bəstəkar Emin Sabitoğlu Səməd Vurğunun «Dağlar» qoşması əsasında özünün eyni adlı mahnısını yaratdı. Şövkət xanımın ifasında bu mahnı da geniş yayıldı, qəlbləri, könülləri oxşadı.
   1978-ci ilin mayın 27-də Səməd Vurğunun ev-muzeyində, hər il olduğu kimi, növbəti xatirə günü keçirilirdi. Böyük şairin xatirəsini yad etmək üçün həmin gün muzeyə gələnlərdən biri də Şövkət Ələkbərova idi. Nə yaxşı ki, həmin anlar fotoşəkillərdə və maqnitofon lentində əbədiləşib.
   Şövkət xanım bu görüşdə Səməd Vurğun poeziyasına sonsuz məhəbbətindən, onun sözlərinə yazılmış mahnıları böyük ruh yüksəkliyi və xüsusi həvəslə oxumasından söhbət açdı.
   Unudulmaz müğənninin maqnitofon lentində əbədiləşmiş söhbətindən:
   «...Səməd Vurğunun sözlərinə yazılmış mahnıları həmişə böyük həvəslə oxuyuram. «Dağlar» mənim ən sevimli mahnılarımdandır. Elə bir konsertim olmayıb ki, orada «Dağlar»ı oxumayım. Bunu tamaşaçılar da tələb edirlər.»
   Şövkət xanım söhbətini bitirdikdən sonra Emin Sabitoğlunun royalda müşayiəti ilə «Dağlar»ı oxuyur. Yalnız onun özünə məxsus bir ustalıqla, böyük şairə dərin məhəbbətlə:
   
   Binələri çadır-çadır
   Çox gəzmişəm özüm, dağlar!
   Qüdrətini sizdən aldı
   Mənim sazım, sözüm, dağlar!..
   
   Bir qonağam bu dünyada,
   Bir gün ömrüm gedər bada.
   Vurğunu da salar yada
   Düz ilqarlı bizim dağlar...

   
   Böyük Səməd Vurğunla birlikdə qəlblərdə yaşayanlardan biri də Şövkət xanımın özüdür…
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru