ABŞ Hərbi Dəniz Qüvvələrinin nəfəsli çalğı alətləri ansamblının üzvləri iyulun 19-da Mərdəkan internat məktəbinin 15 gənc musiqiçisi üçün seminar keçirib. Qeyd edək ki, məktəbin şagirdləri gələn həftə Qəbələdə keçiriləcək Beynəlxalq Musiqi Festivalına hazırlaşırlar. “Səfərimizin məqsədi klassik, caz və hərbi musiqi nümayiş etdirmək və həmçinin gənclər və musiqiçilərlə əlaqələr yaratmaqdır. Uşaqların bacarıq səviyyəsi çox yüksəkdir və onlara Qəbələ musiqi festivalında uğurlar diləyirəm”, - deyə ansamblın rəhbəri Rocer Starçer bildirib.
   Ansambl beş peşəkar musiqiçidən ibarətdir və ABŞ-ın Avropa Komandanlığı üzrə Hərbi Dəniz Qüvvələri Orkestrinin bir hissəsidir. Bu orkestr Şərqi Avropa və Afrika boyunca öz musiqiləri ilə xoş niyyətlərini yaymaq və əməkdaşlıq ruhunu tərənnüm etməyə müvəffəq olub.
   Mərdəkan internat məktəbinin orkestri 30 ildən artıqdır ki, gənc, istedadlı musiqiçilər yetişdirir və çoxsaylı milli və beynəlxalq müsabiqələrin qalibidir. ABŞ-ın Bakıdakı səfirliyi ABŞ-la Azərbaycan arasında mədəni mübadilə proqramlarının bir hissəsi kimi bu məktəblə işləməkdə davam edir.