Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə beynəlxalq musiqi festivalı keçiriləcək. Artıq ikinci dəfə keçirilən festival günlərində ABŞ, Rusiya, Britaniya, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilər Azərbaycanın bu gözəl guşəsində Şərqlə Qərb musiqisinin birgə səsləndiyi möhtəşəm tədbirin iştirakçısı olacaqlar.    

   Ötən il olduğu kimi, bu il də Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünya musiqi inciləri ilə yaxından tanış olmağa imkan yaradacaq.
   Beynəlxalq festivalın qonaqları arasında Yuri Başmet, Boris Berezovski, Al Cerro kimi dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da olacaq. Ötən il olduğu kimi, bu il də onlar üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
   Festival çərçivəsində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və London Kral Filarmonik Orkestrinin ifasında konsert proqramları təqdim olunacaq. Proqrama Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Çaykovski, Raxmaninov, Motsart, Şubert və s. bəstəkarların ölməz əsərləri daxildir.
   Festivalda ABŞ-da ən yüksək musiqi mükafatı “Qremmi”yə 7 dəfə layiq görülmüş cazmen Al Cerronun çıxışı da nəzərdə tutulub.