Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev adına beynəlxalq müsabiqə və konfrans UNESCO-nun tədbirlər siyahısına salınıb. Bu barədə UNESCO-nun rəsmi saytında (http://www.unesco.org/en/rapprochement-of-cultures/) məlumat verilir.
   
   BMT Baş Assambleyasının 2010-cu il üçün “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ili” çərçivəsində UNESCO tərəfindən çoxmüxtəlifliyin təşviq edilməsi məqsədilə bir sıra beynəlxalq, regional və milli tədbirlərin keçirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, bu il dekabr ayında Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş Qara Qarayev adına I Beynəlxalq Pianoçuların Elmi-İfaçılıq müsabiqəsi və konfrans keçiriləcək. Azərbaycan Milli Komitəsinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin məsələ ilə əlaqədar fəaliyyəti nəticəsində sözügedən müsabiqə və konfrans UNESCO-nun tədbirlər siyahısına daxil edilib. Bununla bağlı hər iki tədbirə UNESCO-nun “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq ili”nin rəsmi loqosundan istifadə etmək hüququ verilib.