“Avaza-2010” beynəlxalq festivalının qalibləri səfər təəssüratlarını bölüşdülər
   
   Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, avqustun 18-20-də Türkmənistanın “Avaza” milli turizm zonasında Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun təşəbbüsü ilə keçirilən “Avaza - 2010” Beynəlxalq musiqi, mahnı və rəqs festivalında Azərbaycan sənətçiləri ali mükafata - Qran-priyə layiq görülüblər. Xatırladaq ki, festival yeni istedadların üzə çıxarılması, mədəniyyətlərarası dostluq və yaradıcılıq əlaqələrinin yaradılması məqsədi ilə həyata keçirilir. Musiqi bayramında 21 ölkə təmsil olunub.
   
   Bu sənət yarışmasında ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Dövlət Opera və Balet Teatrının solisti, Səbuhi İbayev, Dövlət Filarmoniyasının solisti Almaz Orucova, tar ifaçısı Rüfət Hüseynov, kamança ustası Elnur Mikayılov təmsil ediblər.
   Festivaldan uğurla dönən musiqiçilərimiz təəssüratlarını bizimlə bölüşdülər.
   
   Səbuhi İbayev, Opera və Balet Teatrının solisti:
   - Bu festivalda iştirak etmək bizim üçün çox xoş idi. İlk gündən hiss etdik ki, ev sahibləri festivala yüksək səviyyədə hazırlaşıblar, eyni zamanda özümüzə qarşı olduqca böyük diqqət, qayğı gördük. Festivalın ilk günü gözəl bir muğam parçası, ardınca da Şəfiqə Axundovanın “Mehriban olaq” mahnısını ifa etdik. İfamız yüksək səviyyədə qarşılandı. Bağlanış mərasimində isə “Qarabağ şikəstəsi”ni tamaşaçılara təqdim etdik, böyük alqışlar qazandıq. Çox şadıq ki, 21 ölkə arasında festivalın ən yüksək mükafatına - Qran-priyə layiq görüldük. Eyni zamanda bizə diplomlar, hədiyyələr təqdim etdilər. Ancaq bizim üçün ən önəmlisi bu idi ki, festivalda Azərbaycan musiqisinin qüdrətini, təntənəsini nümayiş etdirə bilək və buna da nail olduq.
   “Avaza -2010” festivalının qeyri-adiliklərindən biri də bu idi ki, festivalda iştirak edən ölkələrin musiqiçiləri səsvermə yolu ilə qalibləri təyin edirdilər. Səsvermə yolu ilə birinci olduq və təbii ki, bu uğur bizi həddən artıq sevindirdi. Bütün bunlar bir daha sübut etdi ki, Azərbaycan muğamı dünyanın hər bir ölkəsində sevilir.
   
   Almas Orucova, Filarmoniyanın solisti:
   - Biz bu festivala Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə getdik və deyim ki, çox böyük təəssüratla qayıtdıq. Festival Türkmənbaşı şəhərində keçirilirdi. Festivalın ilk günündə Azərbaycan adı çəkiləndə zalda böyük canlanma yarandı. Biz də bu festivalda çox böyük ürəklə, həvəslə iştirak etdik. Azərbaycan, Tacikistan və Qazaxıstan Qran-priyə layiq görüldü.
   Festival tam folklor tərkibli deyildi, müxtəlif musiqi janrlarında ifalar vardı. Amerikadan, Avstriyadan, İrandan Rusiyadan, Koreyadan, Türkiyədən, Hindistandan gələn musiqiçilər vokal, estrada, pop musiqiləri ifa edirdilər.
   Bağlanışda ifa etdiyimiz “Qarabağ şikəstəsi” isə alqışlarla qarşılandı. Bu mənim və sənət dostlarımın uğurundan daha çox, Azərbaycan muğamının və Azərbaycan musiqisinin uğuru, musiqimizin insanlar arasında, xalqlar arasında əldə etdiyi nüfuzun göstəricisi idi. Çünki Azərbaycan adı gələndə tamaşaçıların o alqışı, reaksiyası bizi çox ruhlandırdı. Festivalın birinci mükafatına layiq görüldüyümüzə görə, eyni zamanda növbəti ilin festivalına da dəvət almış olduq.
   
   Rüfət Hüseynov, tar ifaçısı:
   - Möhtəşəm bir festivalın iştirakçısı olduq, buna görə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümüzü bildiririk. Festivalda daha çox bizim milli musiqimizlə maraqlanırdılar və festival günlərində bir çox telekanallara Azərbaycan musiqisi ilə bağlı müsahibələr verdik. Sənət dostlarım festivalın açılış və bağlanışındakı çıxışımızla bağlı ətraflı məlumat verdilər. Festivalın ikinci günü açıq havada keçirilirdi və mən tarda Süleyman Ələsgərovun “Şalaxo” əsərini ifa etdim. Təbii ki, Azərbaycan musiqisi harada səslənirsə səslənsin, alqışlarla qarşılanır. Çıxışlarımız olduqca uğurlu oldu, ən əsası budur ki, səsvermə yolu ilə festivalın birinci mükafatına layiq görüldük. Səsvermə də maraqlı formada düşünülmüşdü. Kim hansı ölkəyə səs verəcəkdisə, yazıb ağacdan yonulmuş dəvə fiqurunun içinə atırdı. Qran-priyə layiq olan ilk ölkə biz olduq və bu sevinci yaşamaq çox xoş idi.
   
   Elnur Mikayılov, kamança ustası:
   - “Avaza -2010” festivalı yaddaqalan bir festival oldu. İlk çıxışımızdan hiss etdik ki, bu festivaldan əliboş qayıtmayacağıq. Çünki hər çıxışımız ürəkdən alqışlanırdı. Belə də oldu. Birincilik qazandıq. Qran-pri ilə yanaşı, bizə türkmənlərin milli aləti olan dutar və milli geyimlərini hədiyyə etdilər. Bu Azərbaycan muğamının, Azərbaycan musiqisinin növbəti qələbəsi idi və əminəm ki, bu uğurların davamı hələ çox olacaq.
   
   Təranə Vahid