Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən böyük dühalardan biri, heç şübhəsiz, böyük bəstəkar Üzeyir Hacıbəylidir. Onun yaradıcılığı Azərbaycan musiqi sənəti tarixinin parlaq səhifələrini təşkil edir. Bəstəkarın klassik və müasir musiqinin sintezindən yaranan müxtəlif janrlı əsərləri XX əsr dünya musiqisi xəzinəsinin inciləri sırasında yer alır. Onun fəlsəfi məna və ümumbəşəri ideyalarla zəngin irsi müəllifə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynayıb.
Azərbaycan professional musiqi təhsili sisteminin yaranmasında da ən mühüm rol Üzeyir Hacıbəyliyə məxsusdur. Məhz onun təşəbbüsü ilə 1921-ci il avqustun 26-da Dövlət Konservatoriyası açılıb. Bu təhsil müəssisəsinin 90 illik inkişaf yolu pianoçuluq məktəbi sahəsində də böyük yaradıcılıq nailiyyətləri ilə əlamətdardır.
Üzeyir Hacıbəyli dahi uzaqgörənliklə musiqi qavrayışında əsrlərlə davam edən ətaləti dəf edərək orijinal Şərq musiqi mədəniyyətinin inkişafında ümumavropa ənənələrinin tətbiqini həyata keçirməyin yollarını axtarıb tapıb. O, «İskusstvo» jurnalında dərc etdirdiyi «Azərbaycan musiqi maarifi məsələləri» adlı məqaləsində əsas məsələlərdən biri kimi «musiqi təhsili ocaqlarının açılması yolu ilə bütün Azərbaycan əhalisinin musiqi təhsilini təmin etmək, onlara əsrlərdən bəri inkişaf edən və dünyaya bir sıra dahilər bəxş edən ümummusiqi mədəniyyətini təlqin etmək» məsələsini irəli çəkirdi.
Qeyd etmək lazımdır ki, o dövrdə Bakıda klassik rus musiqi pedaqogikasının ən yüksək ənənələri ruhunda tərbiyə almış çox istedadlı, öz işinə sadiq musiqiçilər işləyirdilər. Onların arasında birinci dərəcəli pianoçular da vardı. Azərbaycan pianoçuluq məktəbinin inkişafında yaşlı nəslin nümayəndələri olan professorlardan Q.Şaroyev, M.Brenner, K.Səfərəliyeva kimi musiqiçilər böyük rol oynayıb, öz fəaliyyətləri ilə Azərbaycan Dövlət Konservatoriyasının inkişaf tarixinə parlaq səhifələr yazıblar.
Azərbaycanda fortepiano mədəniyyətinin əsasını qoyanlardan biri kimi Sankt-Peterburq Konservatoriyasının məzunu Qeorqi Qeorqiyeviç Şaroyevi (1890-1969) xüsusi ilə qeyd etmək lazımdır. 1931-ci ildə professor Q.Şaroyevin sinfini respublikamızda ali professional musiqi təhsili alan ilk azərbaycanlı pianoçu Kövkəb Səfərəliyeva bitirib. Onun yaradıcılığı bilavasitə Üzeyir Hacıbəylinin təsiri altında formalaşıb. K.Səfərəliyeva yaradıcılıq fəaliyyətinə də Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi xorda konsertmeystr kimi başlayıb. Onun zəmanətilə 1935-ci ildə Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının məzunu M.Brenner (1907-1973) pianoçu kimi pedaqoji fəaliyyətə cəlb edilir. Bir çox istedadlı pianoçular onun yetirməsidir. O, Azərbaycanda sözün əsil mənasında milli fortepiano ifaçılığı mədəniyyətinin əsasını qoyub. Məhz onun, Q.Q.Şaroyev və K.Səfərəliyevanın tələbələri bu gün Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin əsas müəllim heyətini təşkil edir.
1920-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının 6 şöbəsi vardı: fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq və Şərq şöbəsi. 1930-1970-ci illərdə burada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı. Hazırda Bakı Musiqi Akademiyasında 19 kafedranı birləşdirən 4 fakültə var.
Üzeyir Hacıbəylini musiqi ifaçılarının tədrisində milli repertuarın yaradılması problemi narahat edirdi. O, bu məsuliyyətli vəzifəni, yəni milli mövzulara əsaslanmış bədii pedaqoji repertuarın formalaşdırılmasını o vaxtlar fortepiano kafedrasına rəhbərlik edən Q.Şaroyevin öhdəsinə buraxır. Son dərəcə böyük enerji ilə işə başlayan Q.Şaroyev materialları toplayır, tematik planı hazırlayır, bəstəkarlar üçün konsultasiyalar təşkil edir, yazılan əsərləri redaktə edir və onların nəşrini təmin edir. Onun başçılığı altında bilavasitə fortepiano və fortepianonun iştirakı ilə instrumental ansambl üçün nəzərdə tutulmuş bir sıra transkripsiyalar yazılıb. Bunlardan «Koroğlu» operasının transkripsiyasını (müəllifləri Q.Burşteyn və B.Zeydman) və «Arşın mal alan» musiqili komediyasının transkripsiyasını (müəllifi N.Karnitskaya) göstərmək olar. Transkripsiyaların meydana gəlməsində əsas məqsəd, ilk növbədə, pedaqoji repertuarın genişləndirilməsi idi.
1939-cu ildə Azərbaycan professional musiqi mədəniyyəti tarixində önəmli hadisə ilə yadda qaldı: ali musiqi tədris ocağı olan konservatoriyanın rəhbərliyi dahi bəstəkar və ictimai xadim Üzeyir Hacıbəyliyə tapşırıldı. O dövrdən başlayaraq, burada professional musiqi təhsili üçün çox əlverişli şərait yarandı, respublikada musiqi təhsilinin təşəkkülü yolunda çox qəti addımlar atıldı. Məhz bundan sonra Azərbaycan Dövlət Konservatoriyasının məzunları pedaqoji işə dəvət olundular. 1939-cu ildə K.Səfərəliyeva da bu təhsil ocağına dəvət aldı. O, Azərbaycan musiqi mədəniyyəti xadimləri arasında çox görkəmli yer tutur. Respublikamızda fortepiano tədrisinin formalaşması, milli fortepiano repertuarının yaradılması onun adı ilə bağlıdır. Üzeyir Hacıbəylinin rəhbərliyi altında 1945-ci ildə K.Səfərəliyeva tərəfindən yazılmış «Azərbaycan ladları əsasında pyeslər» məcmuəsi böyük metodiki və praktik maraq doğurur.
1920-1930-cu illər Azərbaycan musiqi mədəniyyəti tarixində milli instrumental musiqi əsərlərinin meydana gəlməsi ilə önəmlidir. Bu illər həm də milli və Avropa ənənələrinin sintezi əsasında bəstəkarlıq məktəbinin formalaşması illəri idi.
Azərbaycanda fortepiano janrının bünövrəsini qoymaq Asəf Zeynallının öhdəsinə düşmüşdü. A.Zeynallının fortepiano pyeslərinin əsas üslub xüsusiyyətləri Üzeyir Hacıbəyli və Müslim Maqomayev tərəfindən əsası qoyulmuş üsluba, yəni milli, səciyyəvi cizgilərin ifadə vasitələri ilə sintezinə dayanır.
Avropa və klassik Şərq musiqi mədəniyyətinin sintezi yolunda 1945-ci ildə dərc olunmuş «SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin bəstəkarlıq sinfinin tələbələri tərəfindən Azərbaycan ladlarında yazılmış iki sonatina» mühüm rol oynadı. Bəstəkarın pedaqoji fəaliyyətinin bu tarixi abidələrində Azərbaycan muğamları üçün səciyyəvi olan lad-ritmik xüsusiyyətlər əsasında «Avropa» formasını qurmaq cəhdi həyata keçirilir.
Üzeyir Hacıbəylinin yaradıcılıq fəaliyyəti müharibədən (1941-1945) sonrakı dövrlərdə Azərbaycan fortepiano musiqisində yeni janr nümunəsinin - F.Əmirov və A.Babayev tərəfindən yazılmış fortepiano və xalq çalğı alətləri orkestri üçün nəzərdə tutulmuş konsertin meydana gəlməsi üçün bir stimul oldu. Bu konsertin meydana gəlməsi təsadüfi deyildi. Hələ 1931-ci ildə Üzeyir Hacıbəyli tərəfindən xalq çalğı alətləri orkestri təşkil edilmişdi. Onun tərkibinə tar, kamança, balaban və digər xalq çalğı alətləri orkestrindən əlavə fortepiano - sırf Avropa aləti də daxil idi. Xalq çalğı alətləri orkestri üçün ilk nümunə Üzeyir Hacıbəylinin 2 №-li «Fantaziyası» oldu. Burada bəstəkar fortepiano alətinə önəmli yer ayırır. Beləliklə, XX əsrin birinci yarısında Azərbaycan fortepiano mədəniyyətinin formalaşma prosesi bütün aspektlərdə - istər bəstəkar yaradıcılığında, istərsə də pedaqogika və ifaçılıq sahəsində - Azərbaycan milli musiqi mədəniyyətinin patriarxı sayılan Üzeyir Hacıbəylinin nəzarəti altında keçib.
Üzeyir Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin inkişafı sahəsində rolu əvəzsizdir. Onun maarifçilik baxışları, ictimai-təşkilati fəaliyyəti müasir fortepiano təhsilinin yaradılmasında əsaslı rol oynayıb. Onun kadr siyasətinin əsasında, bir tərəfdən, musiqiçi ifaçıların səviyyəli tədrisini təşkil etmək üçün rus fortepiano məktəbinin yüksək ixtisaslı mütəxəssislərinin dəvət edilməsi, digər tərəfdən, gənc istedadları təhsil almaq üçün Moskvaya göndərmək dururdu. Üzeyir bəy Azərbaycan fortepiano musiqisinin bünövrəsini qoymaqla yanaşı, həmçinin o dövrdə gənc bəstəkarların - A.Zeynallı, Q.Qarayev, F.Əmirovun yaradıcılığında inkişaf yollarını da müəyyən etdi.
Dahi bəstəkar Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoyaraq musiqi tariximizdə ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınıb. O, ilk azərbaycanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir.
Üzeyir Hacıbəyli, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. O, görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda ən böyük musiqiçi-ictimaiyyətçi kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq. Şübhəsiz ki, alimlərimiz, musiqişünaslarımız zəmanəmizin böyük bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığını hələ uzun illər boyu araşdıracaq, öyrənəcək, haqqında müxtəlif fikirlər söyləyəcək, həmişəyaşar sənətinin yeni-yeni çalarlarını açacaq, nəşr edəcəklər.
Jalə Qulamova,
sənətşünaslıq namizədi