Gürcü Folkloru və Klassik Musiqi İttifaqının təşkilatçılığı ilə 5-12 iyul tarixlərində Batumi şəhərində Klassik musiqi ifaçılarının VI beynəlxalq “Word Harmony” müsabiqə-festivalı keçirilib. Tədbirdə ölkəmiz də musiqi kollektivləri ilə təmsil olunub.

Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xoru müsabiqə-festivalda I yerə layiq görülüb və laureat diplomu ilə təltif edilib.

Xorun bədii rəhbəri Əməkdar müəllim Təranə Yusifova bildirib ki, festivalın açılış günü kollektiv dörd əsərlə çıxış edib. Azərbaycan xalq mahnılarından ibarət işləmələr, muğamın xarici ölkə bəstəkarlarının əsərləri ilə sintez şəklində təqdimatı böyük maraqla qarşılanıb.

Münsiflər heyəti xoru müsabiqə-festivalın qala-konsertinə də dəvət edib. Təmsilçilərimiz həmin gecədə “Turacı” xalq rəqsinə işləmə və “Qızım” xalq mahnısının muğamla sintezini ifa ediblər.

Qeyd edək ki, festivalın əsas məqsədi ölkələrin milli mədəniyyətlərinin təbliği, gənclərin dünyagörüşünün və intellektual səviyyələrinin inkişaf etdirilməsidir. Layihə yeni istedadların tanıdılmasına və gənclər arasında təcrübə mübadiləsinə də xidmət edir.