Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının (BTA) təşkilatçılığı ilə kitab sərgisi keçirilib. Akademiyanın elmi kitabxanasında təşkil olunan sərgidə ziyarətçilərə dörd yeni nəşr - “Manas” ensiklopediyasının Saqımbay variantı, “Manas” eposunun lüğəti, qırğız şairi Toktoqul Satılqanovun seçilmiş əsrləri (qazax dilində), “Çingiz Aytmatov və müasir türk dünyası” kitabları təqdim olunub.
Tədbirə qatılan Qazaxıstan və Qırğızıstanın elm, mədəniyyət, ədəbiyyat xadimlərini salamlayan BTA-nın prezidenti Darhan Kıdralı yeni nəşrlərdən söz açıb. Qeyd olunub ki, 1400 səhifədən ibarət olan “Manas” ensiklopediyasının nəşri türkdilli ölkələr üçün tarixi, mədəni və elmi hadisədir, çünki “Manas” bütün türk dünyası üçün önəm kəsb edən eposdur. Yaxın gələcəkdə Cayakbay Karalayevə həsr edilən ensiklopediyanın hazırlanması planlaşdırılır. “Çingiz Aytmatov və müasir türk dünyası” kitabı böyük qırğız yazıçısının 85 illiyi münasibətilə keçirilən elmi-praktik konfransdakı məqalələrin toplusudur. Geniş oxucu kütləsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə alimlərinin maraqlı araşdırmaları ilə tanış ola bilərlər. Sonda qırğız alimlərinə BTA fəxri diplomu təqdim edilib.

Mehparə