XX əsrin birinci yarısında Azərbaycan ədəbi-ictimai və maarifçi fikir tarixində özünəməxsus yeri olan ziyalılardan biri də Tağı Şahbazi Simurq olub. O, ədəbi təxəllüsünün daşıdığı mənaya uyğun olaraq, xalqın maariflənməsi, elmi və səhiyyəsi yolunda yorulmadan çalışıb.
Tağı Abbas oğlu Şahbazi (Simurq) 2 iyul 1892-ci ildə Bakıda dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alıb, 1902–1905-ci illərdə Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib. Orta təhsilini başa vurduqdan sonra, 1913-cü ildə Ukraynanın Xarkov Universitetinin Tibb şöbəsinə daxil olur. Tələbəlik həyatı gərgin inqilabi hadisələr şəraitində keçir. “Hümmət” təşkilatının üzvü olan Tağı Şahbazi 1919-cu ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında “Hümmət” müsəlman bürosuna sədrlik edir. Eyni zamanda Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında fəaliyyət göstərir.
Sovetləşmədən sonra Tağı Şahbazi SSRİ Xalq Milli İşlər Komissarlığının Zaqafqaziya müsəlmanları şöbəsinə katib təyin edilir. O, həmçinin Azərbaycan SSR xalq maarif komissarının müavini, “Maarif və mədəniyyət” jurnalının redaktoru, respublika Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926-cı ildən 1929-cu ilədək isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) ilk azərbaycanlı rektoru vəzifələrində çalışır. Sonra Tibb İnstitutunda müəllim, 1930–1937-ci illərdə xalq səhiyyə komissarının müavini işləyir və bu onun son iş yeri olur.
Tağı Şahbazi fəaliyyəti dövründə bir sıra taleyüklü qərarların qəbul olunmasına nail olur. Belə ki, 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə iki yerə bölünən (bir hissə Ermənistana verilir) Zəngəzur bölgəsinin Azərbaycanda qalan hissəsində inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlir. İndiki Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alınır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan T.Şahbazi təşəbbüs göstərərək inzibati əraziyə Laçın adını təklif edir. 1930-cu ildə Laçına rayon statusu verilir.
T.Şahbazi fəal ictimai-pedaqoji fəaliyyətlə yanaşı, “Simurq” (Şərq mifologiyasında xeyirxahlığın, yeni həyatın və dirçəlişin qədim rəmzi olan quş) təxəllüsü ilə dövri mətbuat səhifələrində hekayə, povest və publisistik yazılarla çıxış edir. Ədəbiyyat tariximizdə daha çox kiçik realist hekayələri ilə tanınır. Yaradıcılığında Azərbaycan həyatının ziddiyyətlərlə dolu bir dövrünün rəngarəng mənzərəsi canlanır. Onun hekayələrində milli keçmişimizin bizə məlum olmayan acı səhifələri və ibrətamiz hadisələri ilə tanış oluruq.
Bədii yaradıcılığa inqilabdan əvvəl başlayan ədib “Quşlar kimi azadə”, “İyi aləm”, “Südçü qız”, “Şəkərli çoban”, “Aclar” və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad “ziyalılar” tənqid olunur.
Müəllifin Sovet dövrü yaradıcılığında isə yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur. “Haqsızlıq dünyası”, “Hacı Salman”, “Ağanın kənizi”, “Məşədi Qədimin evində bədbəxtlik”, “Azadlıq üçün cinayət”, “Zərifə”, “Küləkli bir axşam” və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazdığı “Düşmənlər” povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.
Ancaq xalqının işıqlı gələcəyi üçün çalışan, yazıb-yaradan ədibin bu normal həyat yolu, yaradıcılıq fəaliyyəti uzun sürmür. İctimai-siyasi və mədəni fəaliyyəti onu 1930-cu illərin repressiyasından xilas edə bilmir. O, 1937-ci ildə “Milli təmayülçü nərimanovçular cərəyanına rəğbətə görə” mühakimə edilir. Sonra “gizli milli təmayülçülər” qrupuna məxsus olmaqda, əksinqilabi millətçi çıxışlar etməkdə günahlandırılaraq partiya sıralarından xaric edilir və iyulun 11-də həbs olunur.
Araşdırmalarda qeyd olunur ki, istintaqın ilk dörd ayında müstəntiq ondan heç bir özünü “ifşa edən”, “günahlarını səmimi etiraf edən” ifadələr ala bilmir. 13 noyabr 1937-ci ildə istintaq başa çatır. Ağır, məşəqqətli və dözülməz günlərdən sonra 2 yanvar 1938-ci il tariхində Hərbi Kollegiyanın qapalı məhkəmə iclası keçirilir. Cəmi 15 dəqiqə çəkən iclasda T.Şahbazi ən ağır cəzaya – güllələnməyə məhkum edilir. Hökm elə həmin gün yerinə yetirilir.
“Vətən xaini”nin ailə üzvü kimi səkkiz il həbs cəzası çəkmiş ədibin həyat yoldaşı Mariya Kirillovna Paşina-Şahbazi aidiyyəti təşkilatlara ərizə ilə müraciət edir. Uzunmüddətli yazışmalardan sonra, 25 sentyabr 1956-cı ildə böyük maarif xadiminə bəraət verilir.
Savalan Fərəcov