Dahi bəstəkar Üzeyir Hacıbəylinin 1913-cü ildə qələmə aldığı «Arşın mal alan» operettası, sözsüz ki, bütün sənətsevərlərə yaxşı bəllidir. Əsərlə bağlı bircə bunu demək kifayətdir ki, 60-dan çox dilə tərcümə olunan «Arşın mal alan» operettası demək olar ki, dünyanın müxtəlif ölkələrində tamaşaya qoyulub.
Üzeyir bəy bütün əsərlərində olduğu kimi, bu operettada da xalq musiqisindən geniş şəkildə həm sitat, həm də öz bəstəkar təxəyyülünün məhsulu kimi istifadə edib. Elə «Arşın mal alan» operettasının bədii məzmunu da həyatdan götürülərək Üzeyir bəyin rastlaşdığı hadisələrin məcmusudur. Bəzi mənbələrdə belə qeyd olunur ki, Üzeyir bəy bu əsəri bir arşınmalçının taleyinə əsaslanaraq yazıb. Bəlkə də bu belədir. Amma daha da dərin araşdırma aparsaq o arşınmalçının kim olduğunu da müəyyən edə bilərik. Yəqin ki, bu tarixi hadisə oxucularımız üçün də maraqlı olacaq.
Azərbaycan ifaçılıq sənəti tarixində Məcid Behbudov adlı bir xanəndənin öz yeri, öz dəst-xətti var. Məcid Behbudov dünya şöhrətli sənətkarımız, unudulmaz Rəşid Behbudovun atasıdır. Yəqin ki, oxucularımız üçün maraqlıdır, görəsən Məcid Behbudovun «Arşın mal alan» operettası ilə nə kimi bağlılığı var? Elə isə keçək mətləbə.
Məcid Behbudəli oğlu Behbudov 1873-cü ildə Şuşada anadan olub. Ailəsi bir müddət kənddə yaşayıb. Atası təsərrüfat işləri ilə məşğul olub. Balaca Məcid də ona kömək edərmiş. Behbudəli kişinin vəfatından sonra onlar yenidən Şuşaya köçürlər. Məcid ailəsini dolandırmaq məqsədi ilə bir tacirin yanında arşın malı satır. O, küçə-küçə gəzərək xoş və məlahətli səsi ilə «Arşın malı alan» deyərək ticarətlə məşğul olurdu. Günlərin birində o bir bəy qızı ilə rastlaşır. Onlar bir-birlərini sevirlər və Məcid həmin xanımı qaçıraraq onunla ailə qurur. Özü isə sonralar tanınmış bir xanəndə kimi geniş fəaliyyəti ilə xalqın hörmət və rəğbətini qazanır.
Buradan belə bir nəticəyə gəlmək olar ki, elə Üzeyir bəyin qəhrəmanı məhz Məcid Behbudov ola bilərmiş. Bu tarixi faktı daha dərindən araşdırmaq başqa bir söhbətin mövzusudur. Hər halda sənətsevərlərin bunu bilməsi məqsədəuyğundur. Çünki bu bir daha Üzeyir bəyin öz dövründə gördüklərinə son dərəcə həssaslıqla, diqqətlə yanaşması və həmin hadisələri ustalıqla sənətin dili ilə ifadə etmək bacarığından soraq verir.
Üzeyir bəyin bir böyüklüyü də ondadır ki, elə xalqın yaşantılarını xalqın öz musiqi dili ilə təsvir edir. Əvvəldə qeyd etdik ki, digər əsərlərdə olduğu kimi, «Arşın mal alan»da da belədir. Odur ki, bu əsər istənilən variantda gözəl səslənir. Məsələn, 1938-ci ildə «Arşın mal alan» operettasını Üzeyir bəyin tələbəsi unudulmaz bəstəkarımız Səid Rüstəmov xalq çalğı alətləri orkestri üçün işləyib. Həmin il Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə tamaşanı bu orkestr müşayiət edib.
Azərbaycanda xalq çalğı alətləri orkestrinin yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. Əsası dahi bəstəkar tərəfindən qoyulan orkestrə 2000-ci ildən Xalq artisti, professor Ağaverdi Paşayev rəhbərlik edir. Bu günlərdə Dövlət xalq çalğı alətləri orkestrinin yeni uğurunun şahidi olduq. Bu uğur həm də Üzeyir bəyin 125 illik yubileyinə bir töhfədir.
Ötən həftə (14 oktyabr) Dövlət Filarmoniyasında Üzeyir bəyin «Arşın mal alan» operettasının konsert versiyası tamaşaçılara təqdim olundu. Orkestrin müşayiəti ilə obrazları ifa edən qəhrəmanlar bir-bir səhnəyə gəlir və hər kəs öz partiyasını ifa edirdi. Açığını deyək ki, bu konsert «Arşın mal alan» operettasının yeni təfsirdə təcəssümü idi.
Konsert-tamaşanın ideya müəllifi görkəmli sənətkar, Xalq artisti Fərhad Bədəlbəyli, musiqi rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayevdir.
Ağaverdi müəllim konsert-tamaşa barədə fikirlərini belə açıqladı: «Belə bir versiya üzərində mən bir neçə il bundan əvvəl işləmişdim. 1985-ci ildə Üzeyir bəyin 100 illik yubileyində konservatoriyanın nəzdində fəaliyyət göstərən opera studiyasında tələbələrdən ibarət xalq çalğı alətləri orkestri ilə biz belə bir konsert-tamaşa hazırlamışdıq. Bu yaxınlarda hörmətli sənətkarımız Fərhad Bədəlbəyli mənə yenidən bu mövzunu təklif etdi. Təklifi məmnuniyyətlə qəbul edərək Üzeyir bəyin «Arşın mal alan» operettasının belə bir versiyasını hazırladım».
Doğrudan da konsert-tamaşa bütün sənətsevərlərin marağına səbəb oldu. Tədbirdə iştirak edən xalq artistləri musiqişünas alim Ramiz Zöhrabov, bəstəkarlar Nəriman Məmmədov, Tofiq Bakıxanov və başqaları bu ideyanı yüksək qiymətləndirdilər və orkestrin ifasından da çox razı qaldıqlarını bildirdilər. Maraqlı olan bir məsələdir ki, vaxtilə Səid Rüstəmovun işlənməsinə bu gün orkestrin ifası zamanı necə yanaşılıb? Bu sualı Ağaverdi müəllim belə cavablandırdı:
«Təbii ki, bir qədər dəyişikliklər var. Çünki Səid müəllim bu əsəri işlədiyi zaman orkestr kiçik tərkibdə olub. Məsələn iki tar, iki balaban və s. İndi isə orkestrin tərkibi genişlənib. Məhz bu baxımdan partituraya yeni dəyişikliklər əlavə olunub. Amma bu qətiyyən əsərə və Səid müəllimin işlənməsinə heç bir xələl gətirməyib».
Uğurla keçən bu konsert-tamaşada əsas obrazları yaradan ifaçıların adlarını qeyd etmək də yerinə düşər: Əsgər - Ramil Qasımov, Gülçöhrə - Əməkdar artist Gülnaz İsmayılova, Soltan bəy - Əməkdar artist Cavanşir Əhmədov, Cahan xala- Məlahət Səfərəliyeva, Süleyman - Tural Ağasiyev, Asya -Məhsəti Cabbarova, Vəli - Kazım Nicat Fəxri, Telli - Zəminə Əliyeva. Konsert-tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əli Usubovdur. Bir daha qazandıqları uğur münasibətilə kollektivi ürəkdən təbrik edir və onlara yeni yaradıcılıq uğurları arzulayırıq.
Səadət Təhmirazqızı,
musiqişünas