Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə oktyabrın 22-dən 27-dək Azərbaycanda ilk dəfə türk xalqları aşıqlarının beynəlxalq festivalı keçiriləcək.
   
   İran, Türkiyə, Gürcüstan, Rusiya Federasiyasının Dağıstan vilayəti, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan sənətkarların dəvət olunduğu festivalda 150-dək aşıq iştirak edəcək.
   Təntənəli açılış mərasimi oktyabrın 22-də Bakıda, Heydər Əliyev Sarayında keçiriləcək. Mərasim üçün aşıq sənətinin klassik və müasir məqamlarını əks etdirən maraqlı ssenari hazırlanıb. Festivalın iştirakçıları həmçinin Qazax, Tovuz, Gədəbəy və Şəmkirdə bir-birindən maraqlı konsert proqramları ilə çıxış edəcəklər.
   Festivala oktyabrın 26-da Gəncə şəhərində yekun vurulacaq. Oktyabrın 23-də Yevlax şəhərində, oktyabrın 27-də isə Kürdəmirdə festival iştirakçılarının ictimaiyyət nümayəndələri ilə görüşləri keçiriləcək.
   Festivalın ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.