II Bakı Beynəlxalq caz festivalı uğurla davam edir. Oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində festivalın “Yeni adlar” caz layihəsi çərçivəsində Əfqan Rəsul və Elçin Şirinov konsert proqramı ilə çıxış etdilər.
   
   Öncə tamaşaçılar qarşısına çıxan Əfqan Rəsulovu konsert proqramında Ruslan Hüseynov (bass), Tofiq Cabbarov (perkussiya), Gennadi Qasıyev (zərb) müşayiət edirdi.
   Bakı Musiqi Akademiyasında təhsil almış Əfqan Rəsul 2004-cü ildə Pianoçuların IV Respublika Müsabiqəsinin laureatı (I yer) olub. 2005, 2006-cı illərdə Bakıda beynəlxalq caz festivallarında çıxışları ilə yadda qalıb.
   Konsertdən öncə qəzetimizə qısa açıqlama verən Ə.Rəsul festivaldan razı qaldığını qeyd etdi: “Təbii ki, hər il keçirilən caz festivalları gənclər, sənətçilər üçün öz imkanlarımızı göstərməyə böyük şərait yaradır. Caz ciddi və azad musiqidir. Bu musiqiyə əyləncə kimi yanaşmaq doğru deyil. Mənim caz konsert proqramımda xalq mahnıları ilə yanaşı, Fikrət Əmirovun musiqiləri və bəstələrim yer alıb”.
   “Yeni adlar” caz layihəsindən Elçin Şirinovun da konserti də maraqlı keçdi. Uşaq yaşlarından caza meyilli olan bu gənc 2008-ci ildən Bakı Caz Mərkəzində ifa edir. 2009-cu ildə Bakıda 6-cı zərb alətləri festivalında, Almaniyanın Frankfurt, Frayberq, Leypsiq şəhərlərində, 2010-cu ildə İsveçrənin Bern və Bazel şəhərlərində, Fransanın Marsel şəhərində festivallarda iştirak edib. Konsertdə Elçin Şirinovu Ruslan Hüseynov (bass), Gennadi Qasıyev (zərb) müşayiət edirdi.
   
   Yeganə