Əlimurad Əlimuradov, Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndəsi: «Artıq 1 həftədir ki, Azərbaycandayam. Qonaqpərvərliyiniz məni valeh edib. Qarşılaşdığımız hər bir insandan ancaq istilik və mehribanlıq görürük. Təkcə Bakıda deyil, Azərbaycanın regionlarında da saza olan sonsuz sevginin şahidi oldum. Saz türk dünyasının ölməz əfsanəsidir və nəsillərdən-nəsllərə ötürülərək daima yaşayacaq».
   Aşıq Aydın Məhəmmədov (Dağıstan): «Mən Azərbaycanda tez-tez oluram. Buranı öz vətənim hesab edirəm. Hər gəlişimdə insanlarınız tərəfindən gördüyüm mehribanlıq, xoş rəftar onları mənə daha çox sevdirir. Mənim atam da Dağıstanda tanınmış aşıqlardan olub. Bu sənətə Azərbaycanda verilən belə yüksək qiymətə görə festival təşkilatçılarına öz minnətdarlığımı bildirirəm».
   
   Məhəmməd Sadaxlı (Borçalı): «Aşıqlıq elə bir sənətdir ki, bu sənətin sahibləri gec qocalırlar. Çünki aşıq sazı həm dəmlənəndə, həm də qəmlənəndə çalır. 60 ildən çoxdur bu sənətlə məşğulam, amma indi, burada aşığa, sözə belə yüksək qiymət verilməsinin şahidi oldum».
   
   Qüdrətullah Xedri (İran): «20 ildir aşıq sənəti ilə məşğulam, amma mənə elə gəlir ki, bu gün bu sənətə təzə başlamışam. Sanki qəfəsdən açılmış quşam. Ozanlarımıza verilən qiymət məni çox mütəəssir edib».
   
   Aşıq Yədulla (İran): «Türk dünyasına qurban olum, elə bilirəm dünyaya yenidən gəlmişəm. Bu festival dilimizin, dinimizin, mədəniyyətimizin eyni kökdən olduğunu bir daha sübut etdi».