Yeniyetmə skripkaçı Emin Hüseynov “Gümüş kamerton” müsabiqəsinin qalibi olub
   
   Noyabr ayında Rusiyanın Sankt-Peterburq şəhərində gənc musiqiçilərin Beynəlxalq “Gümüş kamerton” musiqi müsabiqəsi keçirilib. Müsabiqədə Rusiya, Ukrayna, Azərbaycan, Çin və digər ölkələrdən istedadlı gənclər iştirak ediblər. Respublikamızı bu müsabiqədə Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Emin Valeh oğlu Hüseynov təmsil edib. Yeniyetmə musiqiçinin skripkada ifası müsabiqənin münsifləri tərəfindən yüksək qiymətləndirilərək qalib adını qazanıb. Bu uğur münasibətilə məktəbə gedərək həm müsabiqənin qalibi, həm də məktəbin direktoru və yeniyetmə istedadın müəlliməsi ilə görüşüb ürək sözlərini qələmə aldıq.
   
   
   Məktəbin direktoru Gülnarə Səfərova:
   - Məktəbimizdə müxtəlif ixtisaslar üzrə musiqi təhsili alan istedadlı şagirdlər çoxdur. Yetirmələrimiz müxtəlif müsabiqələrdə iştirak edirlər. Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq müsabiqədə iştirak edən Emin Hüseynov bizim bacarıqlı şagirdlərimizdəndir. Məktəbimizin skripka bölməsinin 7-ci sinfində oxuyur. Özünə qarşı çox tələbkar və məsuliyyətlidir.
   
   Emin Hüseynovun müəlliməsi Lalə Hüseynova:
   - Beynəlxalq “Gümüş kamerton” müsabiqəsi Rusiyada fəaliyyət göstərən “Bizim gələcəyimiz” Beynəlxalq Uşaq Xeyriyyə Fondunun təşkilatçılığı ilə baş tutmuşdu. Müsabiqə Sankt-Peterburqda Marinin Teatrının (A.S.Puşkin adına Rus Dram Teatrı - red.) zalında keçirilirdi. Münsiflər heyətinin sədri Moskva Konservatoriyasının professoru Mixail Aronoviç Qotsdiner idi. Müsabiqə üç -kiçik, orta və böyük yaş qrupunda keçirilirdi. Emin Hüseynov orta yaş qrupunda çıxış edirdi. Çıxış edərkən onu fortepianoda konsertmeyster Səbinə Aslanova müşayiət etdi. Yeri gəlmişkən, müsabiqədə o da ən yaxşı konsertmeyster diplomuna layiq görüldü.
   
   Müsabiqə qalibi Emin Hüseynov:
   - Hələ 6-7 yaşım olanda musiqi marağım yaranıb, bu sənəti dərindən öyrənməyə böyük həvəsim olub. Valideynlərim də seçimimi bəyəndilər. Ailəmizdə də musiqini sevirlər. Atam mühəndis olsa da, musiqi ilə yaxından maraqlanır, qarmonda ifa etməyi bacarır. O mənim yaxşı musiqiçi olmağımı çox istəyir. Çalışacağam mənə göstərilən etimadı və ümidləri doğruldum.
   - Yaxşı musiqiçi olmaq üçün nə etmək lazımdır?
   - Yaxşı musiqiçi olmaq üçün birinci həvəs, məsuliyyət olmalıdır. Mənim bu sənətə həvəsim böyükdür. Həm də musiqi müəllimim Lalə Hüseynova çox tələbkardır. İndi çalışıram ki, bu sənətin sirrini, incəliklərini öyrənim.
   - Öyrənə bilirsənmi?
   - Öyrənirəm. Müəllimim bu yolda mənə çox kömək göstərir. O, dərslərdə bizə görkəmli Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığı barədə də geniş məlumat verir.
   - Müsabiqədə hansı bəstəkarların əsərlərini ifa etdin?
   - F.Əmirovun “Sevil” operasından “Vals”, İ.Bramsın “Macar rəqsi”, X.Qlükün “Melodiya”sını ifa etdim.
   - Müsabiqə necə keçdi?
   - Çox maraqlı keçdi. Əvvəl-əvvəl bir az sıxıldım. Ancaq sonra hər şey ötüb keçdi. Müsabiqə yaş qrupu arasında aparılırdı. Mən orta yaş qrupunda çıxış etdim. Müsabiqə başa çatdıqdan sonra qaliblər müəyyənləşdirildi. Məlum oldu ki, mən birinci yerə layiq görülmüşəm. Çox sevindim...
   
   Savalan Fərəcov