Dekabrın 16-da görkəmli caz ustası Vaqif Mustafazadənin ev-muzeyində sənətkarın xatirə gecəsi keçiriləcək. Vaqif Mustafazadənin ev-muzeyindən bildiriblər ki, həmin gün tədbir çərçivəsində “Retro-Sevil” ansamblının çıxışı da olacaq. Proqramın bədii rəhbəri məşhur “Sevil” qızlar ansamblının solisti Rəna Talıbovadır.
Xatirə gecəsi ərəfəsində Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfindən muzeyin əsaslı təmiri başa çatdırılıb. Əsaslı bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı zamanların ab-havası qorunub saxlanıb. Təmir zamanı muzeyin ekspozisiyası da yenilənib, bir neçə təzə eksponat əldə edilib. Muzeydə 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.