Azərbaycan Bəstəkarlar İttifaqı bu il ölkə və beynəlxalq səviyyəli bir sıra tədbirlərin, festival və simpoziumların təşkilində yaxından iştirak edəcək.
Bu sırada ilk tədbir fevralın 5-də böyük bəstəkar Qara Qarayevin doğum günü münasibətilə keçiriləcək. Fevralın 12-də isə təşkilat görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi və kitabının təqdimatını keçirmək niyyətindədir.
Bundan əlavə, Bəstəkarlar İttifaqı II Beynəlxalq Muğam Festivalı ərəfəsində elmi konfrans keçirməyi də planlaşdırıb. Mart ayında isə Şuşa məktəbləri şagirdlərinin konserti nəzərdə tutulub. «Con Tempo» müasir musiqi ansamblının təqdimatında A.Şönberqin «Aylı Pyerro» əsərinin Bakıda ilk ifası da bu ayda gerçəkləşəcək.
İttifaq həmçinin Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Şəki şəhərində «İpək yolu» II Beynəlxalq Musiqi Festivalı kimi geniş tədbirlər həyata keçirməyi planlaşdırır.
Gülər