Mahaçqalada beynəlxalq musiqi festivalı keçirilib
   
   Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada Rusiya regionları və Xəzəryanı ölkələrin “Xəzər dənizi-dostluq sahilləri” adlı beynəlxalq festival keçirilib. Festivalda ölkəmiz Azərbaycan Aşıqlar Birliyi ilə təmsil olunub. AAB-in katibi Musa Nəbioğlu bildirib ki, festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə aşıqlarımızdan Ağamurad İsrafilov, Qənimət Qədirov, Mahir Niftəliyev və Cahandar Musayev iştirak ediblər. Festival çərçivəsində Mahaçqaladakı Rus Dram Teatrında “Milli geyimlərin poeziyası” devizi altında gənc dizaynerlərin müsabiqəsi keçirilib. Həmin tədbirdə milli geyimdə səhnəyə çıxan aşıqlarımızın da çıxışları olub. Azərbaycan aşıqlarının çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Azərbaycan nümayəndə heyəti festival çərçivəsində Dərbənd rayonunun Tatlıyar kəndində də konsert proqramı ilə çıxış edib. Festivalın keçirildiyi günlərdə Dağıstan kütləvi informasiya vasitələri aşıqlarımızın çıxışlarını geniş işıqlandırıb.