“Folklor və xınayaxdı” qrupu qədim söz deyişmə sənətini təbliğ etməyə çalışır
Azərbaycanın zəngin folklor ənənələrinin, söz sənətinin yaşadılması üçün son illər bir çox işlər görülür. Bu işdə folklor qruplarının fəaliyyətinin də müsbət rolu var.
Südabə Rəhimovanın rəhbərlik etdiyi “Folklor və xınayaxdı” da onlardan biridir.
Kollektiv qədim folklor ənənələrimizin qorunub saxlanmasına öz töhfəsini verməyə çalışır. S.Rəhimovanın sözlərinə görə, qrupu Muğam Teatrının direktoru Arif Qazıyevin təşəbbüsü ilə yaradıblar:
- Keçmişdə xınayaxdı, nişan mərasimləri dəbdəbəli keçib və biz bu ənənələri gözəl bilirik. Bir neçə il idi ki, xınayaxdı, nişan mərasimlərinə dəvət alırdıq, amma qrup halında deyil, ayrı-ayrılıqda. Bir dəfə uşaqları Muğam Teatrına aparmışdım. Teatrın direktoru Arif Qazıyev bizi dinlədi və belə bir qrup yaratmağı təklif etdi. Dedi ki, indi bu sənəti bilən azdır. Siz bilirsiniz və yaşadın.
- Qrup hazırda hansı formada fəaliyyət göstərir?
- Biz bu qrupu 5-6 il əvvəl yaratdıq. Bizim əsas işimiz deyişmədir. Meyxana deyişməsindən fərqli olaraq bizdə deyişmə qavalla müşayiət olunur. Bu deyişməni daha maraqlı edir. Qrup dörd nəfərdən ibarətdir - Adilə İsmayılova, Qönçə Rəhimova, Balaxanım Məmmədova və mən. Bizdə bu qabiliyyət anadangəlmədi, hər birimizdə fitri istedad var. Söz ehtiyatımız zəngindir. Bizim söylədiyimiz mahnıları başqaları deyə bilmir. Yüzlərlə, minlərlə deyişməni əzbər bilirik. Tutaq ki, gəlin üçün qapıya gələndə bunu deməlisən: «Verin bizim gəlini, gəlin bağlar belini, Qıza kimin qızısan, verin bizim gəlini». Bu sadəcə bir nümunədir. Belə deyimlərimiz yetərincə çoxdur. Amma gərək insanlar maraqlansınlar, bunları eşitmək istəsinlər.
Düzdü, bizi hələ o qədər də geniş tanımırlar. Amma televiziyada çıxışımız olub, Muğam Teatrında da çıxış etmişik. İstəyirik ki, bu sənəti daha geniş təbliğ edək. Gəncləri cəlb etməyə çalışırıq, toy, nişan adət-ənənələrimizi yaşatmaq lazımdır.
Biz bu işi sadəcə maddi maraq xətrinə etmirik. Mənim istədiyim odur ki, sənət yaşasın. Xaricdən Azərbaycana çoxlu insanlar, turistlər gəlir. Onlar Azərbaycana ayaq basdıqları zaman qoy bizim adət-ənənələrimizi görsünlər və inanın ki, bu onların diqqətini çox çəkəcək. Ən azından hər bir ölkənin özünün adət-ənənələri maraqlı olur. Qoy bizim xınayaxdılar, deyilən mahnılar yaşasın.
Bilirsiniz ki, illər əvvəl xınayaxdı, oğlan və qız toyları bir neçə gün davam edirdi. Xüsusilə kənd yerlərində bu mərasimlər rəngarəng keçirilirdi. Bəy-gəlinə xeyir-dua verir, onlara deyişmələr qoşurdular. O vaxt insanlarda sanki başqalarının şadlığına sevinmək hissi daha güclü idi. Bu ənənələr, mərasimlər həm də mədəniyyətdir.
Hər sözün bir hikməti var. Söz sənəti yaşamalıdır və insanlar bu sözlərdən bəhrələnməlidirlər. Ailə quranlara xeyir-dua vermək, el içində onlara gözəl sözlər demək izdivac quranlar arasında mehribanlığı artırır. Niyə bu adət-ənənəni yaşatmayaq?
- Qrupa üzv olmaq istəyənlərdə hansı qabiliyyət olmalıdır?
- Həmin şəxs qabiliyyətli, söz bazası zəngin insan olmalıdır. Həmçinin də ritmləri bilməlidir. Bir də, sözsüz ki, bizim kimi qədim dəbdə geyinməlidir. Bu əsas tələb olunan elementlərdir. Bizim ifaçılığımızda deyişmə, solo, xor var. Xorda 10-15 nəfər olur. Xor ifaçıları dairəvi düzülüb oxuyurlar. «Haxışta», «Buleyli» xora aiddir. «Aman nənə», «İncinin sədəfləri» isə deyişmədi. Ümumiyyətlə, Azərbaycanın deyişmələrinin ucu-bucağı yoxdur. Onları dinləməklə doymursan.
- Azərbaycanda «Nənələr» adlı tanınmış folklor qrupu var. Onlarla rəqabət apara bilərsiniz? Maraqlı deyişmələr də ola bilər.
- Əslinə baxsan onlarla bizim aramızda elə bir fərq yoxdur. «Nənələr» Lənkəranda, bizim qrup isə Lerikdə yaranıb. Biz də onlar kimi nənələrimizdən bizə qalan sənəti yaşadırıq. Mən hətta düşünürəm ki, bizlə onlar arasında «Aman nənə»nin gözəl deyişməsi ola bilər. Dediyim kimi bizim əsas işimiz deyişmədir. Nənələrimizin danışdıqlarından bilirik ki, o vaxtlar sazla möhtəşəm deyişmələr olurdu. Amma həmin vaxtlar bu işə daha peşəkar baxırdılar. Deyişmələr zamanı ifası mükəmməl olmayanı ortadan çıxarırdılar ki, sənətə xələl yetirər. İndi incəsənətin bütün sahələrində bu qayda işləsəydi, çox yaxşı olardı. Hər bir sənəti onun bilicisi icra etməlidir. Keçmiş sənətimizi yaşatmaq lazımdır. Sözlər ələkdən keçə-keçə zəmanəmizə çatıb. Söz sənətinə maraq indi də olsun. Elə deyişmələr, mahnılar var ki, onları deməklə bitmir. Bu mahnıları üzə çıxarmaq lazımdır.
Gülər Nizamiqızı