“Qəbələ sənət gözəlliyi ilə təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı məkandır”
  
   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ III Beynəlxalq musiqi festivalı haqqında informasiya Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin rəsmi saytında yerləşdirilib.
  
   Məlumatda qeyd edilir ki, 2009-cu ildə dünya musiqi aləmində əlamətdar bir hadisə baş verib. Azərbaycanın kurort şəhəri Qəbələdə beynəlxalq musiqi festivalı açılıb. Bu gün belə bir ümumi meyl getdikcə daha çox təsdiqlənir ki, iri şəhərlər festival paytaxtları statusunu tədricən itirir, bu status mənzərəli kiçik yerlərə - sənət gözəlliyi ilə təbiət gözəlliyinin çox uğurlu şəkildə uzlaşdığı məkanlara keçir. 2009-cu ildə Azərbaycanın mənzərəli Qəbələ şəhərində əsası qoyulmuş musiqi festivalı buna əyani sübutdur.
   Məlumatda Azərbaycanın ən qədim şəhərlərindən biri olan Qəbələnin çoxəsrlik tarixindən söz açılaraq bildirilir ki, eramızdan əvvəl III əsrdən - bizim eranın V əsrinə qədər Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələ regionun ən mühüm siyasi, iqtisadi və ticarət mərkəzi idi: “Bu gün Qəbələni çox vaxt Azərbaycanın İsveçrəsi adlandırırlar. Lakin fikrimizcə, Qəbələni “cənnət guşəsi” adlandırmaq daha düzgün olardı. Doğrudan da buranın gözəl təbiəti, fantastik mənzərələri adamı heyran edir. Elə bu səbəbdən Heydər Əliyev Fondunun seçdiyi bu məkan “musiqiçilərin illik toplantısı” sayılan bu mühüm beynəlxalq musiqi bayramının təşkil edilməsi üçün çox münasibdir. Qəbələ festivallarının keçirildiyi günlərdə klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa, İtaliya və digər ölkələrin tanınmış musiqiçilərinin ifasında ölməz əsərlər dinləmək imkanı əldə edirlər. Bu musiqi forumları keçirilən dövrdə gənc musiqiçilər məxsusi təşkil olunmuş ustad dərslərində iştirak etmək imkanı qazanırlar”.
   Məlumatda UNESCO-nun baş direktoru İrina Bokovanın ötən il Qəbələ beynəlxalq musiqi festivalının əhəmiyyəti barədə dediyi sözlər də sitat gətirilir: “Bu diyarda müxtəlif mədəniyyətlər qovuşur və bu festival həmin mədəniyyətləri ən yüksək səviyyədə təmsil edəcək”.
   Qəbələ musiqi festivalının bədii rəhbəri Dmitri Yablonskinin 2009-cu ildə birinci festivalın açılışında dediyi sözlər də xatırladılır: “Hamı deyir ki, bura İsveçrə kimi gözəldir, amma mən istərdim ki, desinlər - bura Azərbaycan kimi gözəldir. “Bizim” Alp dağlarında hara baxsan, balaca kəndlər görərsən, burada isə təbiət öz əzəli gözəlliyini qoruyub saxlamışdır. Buna görə də mən istərdim ki, bütün dünyada olan musiqiçi dostlarım buraya gəlib gözəl musiqi ifa etsinlər”.
   Məlumatda bildirilir ki, budəfəki festivalın konsert proqramlarında müğənnilər Anna Samuil, Massimilino Pisapia (tenor, İtaliya), Kral “Kovent Qarden” opera teatrının (London) solisti, RF Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Sergey Leyferkus, Oydun İversen (bariton, Norveç) və Liina Yonso (soprano, Norveç), dirijorlar Yuri Başmet (“Novaya Rossiya” orkestri), Klaudio Vandelli (İtaliya), Rauf Abdullayev, Terye Mikkelsen (Norveç), Dmitri Yablonski, solist instrumentalistlər Alyona Bayeva (skripka), Denis Matsuyev (fortepiano), Boris Berezovski (fortepiano), Sergey Krılov (skripka), Şlomo Mints (skripka) iştirak edəcəklər. Bundan əlavə, məşhur “Terem-kvarted” və “Jak Lüsyenin triosu” kollektivləri də festivalda çıxış edəcək.