Noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyində böyük ədib, görkəmli dramaturq Cəfər Cabbarlı adına mükafatların 2015-ci il üzrə təqdimetmə mərasimi keçirildi.

Mərasimi açıq elan edən filologiya elmləri doktoru, professor Asif Rüstəmli mükafat haqqında məlumat verdi. Bildirdi ki, mükafat ədibin ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin iştirakı və bp şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. Mükafat ədəbiyyatşünaslıq, kino, teatr, ədəbi-mədəni əlaqələr sahəsində çoxillik səmərəli xidmətləri olan şəxslərə təqdim edilir. Ötən illərdə bir çox yaradıcı insanlar bu mükafatla təltif olunublar.
Sonra “Cəfər Cabbarlı mükafatı”nın 2015-ci il üçün qaliblərinin adları açıqlandı. Bu il mükafata Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçin, Xalq artisti, kinorejissor Oqtay Mir Qasım, sənətşünaslıq doktoru, professor, ADMİU-nun prorektoru Məryəm Əlizadə, Xalq artisti Zərnigar Ağakişiyeva, Türkiyə Cümhuriyyəti Fırat Universitetinin çağdaş türk ləhcələri və ədəbiyyatları bölümünün professoru Ercan Alkaya, filologiya elmləri doktoru, professor, ADPU-nun "Türk odası" və "Türk araşdırmaları" elmi tədqiqat mərkəzinin rəhbəri Elman Quliyev layiq görülüblər.
Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafata layiq görülənləri təbrik etdi. Bildirdi ki, 2015-ci il üzrə mükafatın təqdimatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında həyata keçirilir. Sonra mükafatlar sahiblərinə təqdim olundu.
Mükafatlandırma mərasimində Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə kinorejissor Oqtay Mir Qasımın yaradıcılığı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova Xalq yazıçısı Elçinin yaradıcılığı haqqında məruzə ilə çıxış etdilər. Xalq artisti Məleykə Əsədova tanınmış aktrisa Zərnigar Ağakişiyevanın səhnə fəaliyyəti, kino və teatrda yaratdığı obrazlar haqqında danışdı.
Mükafata layiq görülənlər Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım İctimai Birliyinin komissiya üzvlərinə təşəkkürlərini bildirdilər. Qeyd edildi ki, Azərbaycan kino sənətinin təşəkkülü, dövrünün dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cəfər Cabbarlının adı ilə bağlıdır.
Tədbirin sonunda iştirakçılara görkəmli ədibin yeni çap edilmiş “Dilara” adlı kitabı hədiyyə edildi. Kitabda Cəfər Cabbarlının hekayələri toplanıb.

Lalə Azəri