Vyana Dövlət Kamera Orkestrinin çıxışı maraqlı təəssüratla yadda qaldı
   
   Kristian Buxman: «Bu konsert böyük dostluğun nümunəsidir»
   
   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün ölkəmizə gəlmiş məşhur musiqi kollektivlərindən biri də Vyana Dövlət Kamera Orkestridir. Bu, məşhur musiqi kollektivinin ölkəmizə ilk səfəridir.
   
   Sentyabrın 20-21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli orkestrin konsertləri keçirildi. Konserti beynəlxalq müsabiqələr laureatı, gənc dirijor Əyyub Quliyev idarə edirdi. Konsertdən sonra orkestrin rəhbəri Kristian Buxman və dirijor Əyyub Quliyevlə həmsöhbət olduq.
   
   - Cənab Buxman, siz təkcə Avropada deyil, dünyada nüfuzlu musiqiçi kimi tanınırsınız. Mümkünsə, Azərbaycan oxucularına özünüz haqqında bir qədər ətraflı məlumat verərdiniz.
   - Mən musiqiçi ailəsində doğulmuşam. 16 ildir ki, bu orkestrdə fəaliyyət göstərirəm. Bizim ailə biznesimiz var və «Buxman» adlı agentliyimiz fəaliyyət göstərir. Biz Avstriya mədəniyyətini dünyaya yayır, mədəniyyətlərarası əlaqələrə töhfə verməyə çalışırıq. Mədəniyyət insanları birləşdirir və bu çox vacibdir. Bu baxımdan Bakıya səfərimiz bizim üçün böyük əhəmiyyət kəsb edir.
   - Vyana dünyanın mədəniyyət mərkəzlərindən biridir. Bu şəhərdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin «Arşın mal alan» tamaşası da səhnəyə qoyulub. Vyana Dövlət Kamera Orkestrinin rəhbəri olaraq Azərbaycanla əməkdaşlığı necə qiymətləndirirsiniz?
   - Biz ölkələr arasında bəşəri mədəniyyət körpüləri yaradırıq. Azərbaycanla əlaqələr də bizim üçün çox önəmlidir. Vyana kimi, Bakı da zəngin tarixi, mədəni ənənələri olan şəhərdir. Azərbaycan musiqiçiləri ilə əməkdaşlığa gəlincə, biz dirijor Əyyub Quliyev və onun atası, məşhur tarzən Ramiz Quliyevlə, eyni zamanda bir neçə Azərbaycan musiqiçiləri ilə birlikdə Vyanada dörd dəfə birgə çıxış etmişik. Ötən il Vyanada Avropanın məşhur konsert salonlarından olan “Vyanakonzerthaus” (Wienerkonzerthaus) zalında “Azərbaycan və Avstriya dostluq görüşü” adlı konsert keçirildi. Konsertdə bizim kollektivlə yanaşı tarzən Ramiz Quliyev, dirijor Əyyub Quliyev, Ceyhun Allahverdiyev və digərləri iştirak edirdi. Bu əməkdaşlığı davam etdirmək niyyətindəyik. Bizim Üzeyir Hacıbəyli festivalında iştirakımız da bunun göstəricisidir. Konsertdə biz Bakıda ilk dəfə olaraq A.Şönberqin “Transfiqurasiyalı gecə”, V.A.Motsartın “Divertisment”i və F.Mendelsonun re minor skripka konsertini ifa etdik. İkinci konsertin proqramında isə Azərbaycan bəstəkarlarının - Ü.Hacıbəylinin, F.Əmirovun, A.Əlizadənin əsərlərini ifa etdik. Konsert proqramı çərçivəsində ilk dəfə olaraq Bakıda V.A.Motsartın iki fortepiano ilə orkestr üçün konserti («Lodron») səsləndi. Biz musiqiləri birləşdirdik və sintez etdik. Həmişə olduğu kimi Əyyub Quliyev bizim dirijorumuz oldu. O, çox istedadlıdır və biz onun sənətini yüksək qiymətləndiririk.
   - Ümumiyyətlə, Azərbaycan musiqisi haqqında nə deyə bilərsiniz?
   - Azərbaycan musiqisi çoxqatlı və zəngindir. Görkəmli bəstəkarlarınız var. Əlbəttə, biz Azərbaycan musiqisi ilə zaman-zaman daha yaxından tanış olacağıq. Məsələn, bizə elə gəlir ki, gələcəkdə də birgə əməkdaşlıq çərçivəsində çoxlu ifalar hazırlayacağıq və buna ümid edirik. Birlikdə işlədikcə, Azərbaycan musiqisini daha yaxından tanıyacağıq. Ola bilsin ki, bizim musiqi layihələrimiz bizə bu yöndə əlavə imkanlar verəcək. Biz oxşar layihəni Hindistanda da həyata keçirmişik. Eyni zamanda bu layihə humanitar yardım məqsədi daşıyır. Əldə edilən məbləğdən uşaqlara yardım edildi. Hind musiqisi də olduqca mürəkkəb, çoxqatlıdır. Lakin Azərbaycan musiqisi daha enerjilidir və insana böyük ruh yüksəkliyi gətirir. Bu doğrudan da, hər iki tərəfi cəlb edir və böyük ümidlə gələcəkdə nəzərdə tutulan uzunmüddətli layihələri gözləyirik.
   Bu baxımdan bir-birimizdən öyrənməyə dəyər. Biz fərqli insanlar deyilik. İşlədikcə, musiqidən müsbət enerji alırıq. Çünki musiqi həmişə insana xoş əhval gətirir.
   Musiqi həm də ümumi dildir və bu dili bütün xalqlar başa düşür. Hər kəs musiqini eşidə, dinləyə, zövq ala bilər. Folklor musiqiləri arasında da müəyyən bağlar var. Məsələn, ola bilsin ki, Avstriya folklor musiqisi ilə Cənubi Amerika folklor musiqisi arasında müəyyən oxşarlıq mövcuddur. Və ya hind folklor musiqisi ilə Azərbaycan folklor musiqisi arasında da oxşarlıq ola bilər. Biz bunu heç nə ilə müqayisə edə bilmərik. Sadəcə olaraq musiqinin gözəl imkanlarından yararlanmalıyıq.
   
   “Musiqi ölkənin dünyaya tanıdılmasında çox vacib elementdir”
   
   - Bakıya ilk dəfədir ki, səfər edirsiniz. Şəhər və onun əhalisi sizdə nə kimi təəssürat yaradır?
   - Orkestrimizin üzvlərinin hamısı Bakıya ilk dəfədir ki, səfər edirlər. Bu günə qədər Vyana Kamera Orkestri dünyanın çox ölkəsində olub. Bakıya gəldiyim ilk gündən burada aparılan tikinti işləri məni təəccübləndirdi. Binaların özləri də çox gözəldir. İnsanlar olduqca mülayim və sülhpərvər görünür. Küçələrin təmizliyi xüsusilə məni heyrətləndirdi. Dənizkənarı bulvar isə çox əsrarəngiz və gözəldir. Burada gəzən insanlar mənə çox sakit, mülayim təsir bağışladılar. Doğrudur, biz bilirik ki, paytaxt ölkə demək deyil, regionlarla paytaxt arasında bəzən böyük fərq olur. Əməkdaşlığımız genişləndikcə, əlaqələrimiz artdıqca qarşılıqlı səfərlərimizin də sayı artacaq. O halda bizim regionlara getmək imkanımız da olacaq. Bizdə belə bir hiss yaranıb ki, Azərbaycan çox inkişaf edib. Biz buraya Vyana-Bakı birbaşa təyyarə reysi ilə 3 saata gəldik. Və mən təəssüf etdim ki, aramızda belə yaxın məsafə olmasına baxmayaraq, niyə əvvəllər burada olmamışam. Bakı Avropa tipli şəhərdir. Doğrudur, Bakıda Şərqin, müsəlman dünyasının elementləri var. Amma mən, Dənizkənarı bulvarda olarkən özümü Avropada təsəvvür etdim. Belə çıxır ki, Bakı özündə həm Şərq, həm də Qərb elementlərini birləşdirir. Bu konsert də böyük dostluğun bir nümunəsidir. Bilirəm ki, gələcəkdə şəhərlərimiz arasında da böyük dostluq qurulacaq. Bu isə gözəl və vacibdir. Avstriya və Azərbaycanı müqayisə edərkən çoxlu paralellər ortaya çıxır. Zəngin mədəniyyət, tarix, zəngin mədəni irs ölkələrimizin oxşarlığıdır. Bu məqamlar qardaşlığa, bacılığa bənzəyir.
   - Sizcə musiqi bir ölkənin təbliğatında, dünyaya tanıdılmasında nə dərəcədə rol oynayır?
   - Musiqi ölkənin təbliğatı baxımdan çox vacib elementdir. Bəlkə bu ona görədir ki, hər kəs musiqini eşidir. Musiqini dinləyərkən əhval-ruhiyyəmiz artır. Mən öz yanaşmamdan çıxış edərək deyərdim ki, musiqi ölkənin təbliğatında ən yaxşı yoldur.
   Düşünürük ki, Avstriya və Azərbaycan tarixi, maraqlı mədəniyyəti olan ölkələrdir. Ona görə də, biz birlikdə nələrisə planlaşdıra, paylaşa bilirik.
   - Cənab Buxman, yaxın vaxtlarda Azərbaycanla birgə planlarınız nədən ibarətdir?
   - Biz təkcə Bakıda deyil, əgər maraqlı olarsa, Azərbaycanın hansısa bir bölgəsində də konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq. Ola bilsin ki, Azərbaycan musiqiçilərini də məşhur Avstriya səhnələrinə dəvət etdik. Biz bu musiqi əlaqələrinin dərinləşməsinə və mədəni körpünün yaranmasına böyük ümid bəsləyirik. Eyni zamanda da insani əlaqələrin qurulmasına çalışırıq. Məsələn, Bakıda olduğum müddətdə xeyli adamla görüşdüm, aramızda dostluq yarandı və bu çox vacibdir. Bir-birini tanıyanda bu əlaqələr daha da möhkəmlənir.
   
   «Konsert Azərbaycanla Avropa arasında mədəni əlaqələrin inkişaf etdiyini sübut edir»
   
   Əyyub Quliyev:
   - Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, hər il olduğu kimi, bu il də bizi maraqlı konsertlərlə sevindirir. Hər festivalda yeni kollektivlər, yeni ifaçılar çıxış edir. Budəfəki festivalın qonaqları arasında Vyana Dövlət Kamera Orkestrinin çıxışının özünəməxsus yeri var. Ümumiyyətlə, bu, təkcə Avropada deyil, dünyada ən çox sayılan, seçilən, böyük nüfuzu olan bir kollektivdir. Bu kollektivin Azərbaycana ilk dəfə səfəri doğrudan da, böyük bir hadisədir. Hesab edirəm ki, orkestrin Bakıda iki konsert proqramı ilə çıxış etməsi Azərbaycana, ölkəmizin mədəniyyətinə, musiqisinə, xüsusilə də Üzeyir Hacıbəylinin şəxsiyyətinə olan xüsusi bir münasibətin nümunəsidir. Proqramda dünya klassikləri ilə yanaşı, bizim dahi bəstəkarlarımızın əsərləri də ifa olundu. Bu, dünya şöhrətli kollektivin bizim musiqi mədəniyyətimizə, bəstəkarlarımızın yaradıcılığına olan çox böyük hörmətinin göstəricisidir. Kollektivlə məşq edən zaman da onların Azərbaycan bəstəkarlarının əsərlərinə isti münasibətini hiss etdim. Bu konsert həm də Azərbaycanla Avropa arasında mədəni əlaqələrin inkişaf etdiyini bir daha sübut edir. Festivalın təşkilatçılarına - Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığımı bildirirəm.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar