Respublika Prezidentinin 20 aprel 2008-ci il tarixli "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncamından irəli gələn bəzi müddəalarla bağlı M.Ə. Sabir adına Mərkəzi Şəhər Kitabxanasında olduq. Kitabxananın direktoru Solmaz Məmmədəliyeva ilə görüşdük. O, kitabxananın tarixi keçmişindən, bu günündən və sərəncamla bağlı icra edilmiş işlərdən söhbət açdı:
“Gələn il kitabxananın 90 illiyini qeyd edəcəyik. İndidən hazırlıq işlərinə başlamışıq. Yəqin bilirsiz ki, bu kitabxananin şanlı tarixi var. Hələ 1919-cu il tarixdə xalqımızın görkəmli şairi M.Ə.Sabirin adının əbədiləşdirilməsi məqsədilə N.Nərimanov, C.Cabbarlı və digər ictimai-siyasi xadimlər hökumətə müraciət edirlər. Təklif rəğbətlə qarşılanır. Beləliklə, həmin tarixdən Mərkəzi Şəhər Kitabxanası şairin adını daşıyır.
Hələ o vaxt kitabxananın 10 illiyi ilə bağlı Mirzə Cəlil, 20 illiyi ilə bağlı Cəfər Cabbarlı monaqrafiya yazırlar. C.Cabbarlının təşəbbüsü ilə kitabxananın nəzdində "Pərvanə" ədəbi-məclisi yaranır. M.S.Ordubadi, H.Cavid, Ə.Cavad və M.Müşfiq məclisin fəal üzvləri olur. Çox keçmir əl-ələ verib "Qızıl qələm"çilərlə üz-üzə dayanırlar. 1937-ci il tarixdə "Pərvanə"nin üzvləri repressiya olunur. Onları ədəbi-məclisdə S.Vurğun, R.Rza, M.Rahim əvəz edir. 50-ci illərdə B.Vahabzadə, H.Arif, A.Əlsizadə, 60-cı illərdə Ə.Kərim, F.Qoca bu ədəbi məclisin ən fəal üzvləri olurlar. Qeyd edim ki, kitabxana şairlərin, yazıçıların daim toplandığı ən isti ocaq olub. Burada bir çox görkəmli yazıçıların yubileyi, şairlərlə görüşlər keçirilib”.
O, məlum sərəncamla bağlı həyata keçirdikləri işlər haqqında da danışdı: “Heydər Əliyev Fondunun xətti ilə latın qrafikalı çoxlu sayda, müxtəlif çeşidli kitablar almışıq. Bu gün kitab fondumuzda tək Azərbaycan dilində deyil, ərəb, fars, rus və ingilis dillərində də resurslarımız kifayət qədərdi. Bizim kitabxana şox güclü maddi-texniki bazaya malikdi. Düzdü, indi nisbətən oxucularımız azalıb. Bu da kitabxananın yeni texniki avadanlıqla hələ təchiz edilməməsi ilə bağlıdı. Əminik ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq”.
Ondan özü haqqında da məlumat verməyi xahiş etdik. BDU-nun kitabxanaçılıq fakültəsinidə (1965-1972) oxumuşam deyə sözə başlayan həmsöhbətim daha sonra bildirdi: “İxtisasca kitabxanaçıyam.1965-ci ildən bu kitabxanada işləyirəm. 1993-cü ildən isə kitabxananın direktoruyam. Onu da deyim ki, M.Ə.Sabirin nəslindənik. O, anamın ən yaxın qohumudu. Hələ gənc ikən ədəbiyyata çox böyük həvəs göstərirdim. Deyim ki, jurnalist olmaq istəyirdim. Ancaq kitabxanaçı oldum. Bu da belə oldu ki, M.Ə.Sabirin oğlu Məmmədsəlim Tahirli tez-tez bizə gəlirdi. Gördü ki, ədəbiyyata daha çox maraq göstərirəm. Ona görə də bəzi məsləhətlər verdi, eyni zamanda jurnalist olmaqdan da çəkindirdi. Kitabxanaçılığa məndə həvəs oyatdı”.
Daha sonra onu da bildirdi ki, fondda 160 min kitab, 40 mindən çox qəzet və jurnal saxlanılır .
Savalan Fərəcov