Səkkiz finalçıdan yeddisi məlumdur
   
   İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının seçilməsi üçün keçirilən milli seçim turunun yeddinci finalçısı məlum olub. Tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi ilə yeddinci həftənin qalibi Səbinə Babayeva olub. Ötən həftələrin qalibləri Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Elton İbrahimov, Adil Baxışlı, Fəqan Səfərovdur.
   “Eurovision-2012” milli seçimlərinin sonuncu, səkkizinci finalçısı yanvarın 23-dən 27-dək davam edəcək səsvermə əsasında müəyyən olunacaq. Seçim qaydaları ötən ildə olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların və münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən olunur.
   Final mərhələsində isə milli seçim turlarının birincisi olan 8 iştirakçı yarışacaq və qələbə qazanan ifaçı Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.