Bakıda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə yekunlaşıb.
   
   Sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında “Bu gün və sabah” adlı növbəti konsertdə Vladimir Spivakovun dirijorluğu ilə “Moskva Virtuozları” kamera orkestri dünya bəstəkarlarının əsərlərini səsləndirib. Solistlər - Vladimir Spivakov Beynəlxalq Fondunun təqaüdçüləri və beynəlxalq müsabiqələr laureatları Daniil Xaritonov, Elvin Xoca Qəniyev və Matvey Şerlinqin ifaları alqışlarla qarşılanıb.
   Həmin gün dahi sənətkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” silsiləsindən növbəti kamera musiqisi konsertində Nərgiz Hüseynova (skripka), Fərid Feyzullayev (skripka), Tural Tağıyev (trombon), Məmməd Rəcəbli (klarnet), Ramiz Sevdiməliyev (zərb alətləri) və Ceyla Seyidovanın (skripka) ifasında Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun, Sevda İbrahimovanın, Nazim Əliverdibəyovun, Həsən Rzayevin, Azər Dadaşovun əsərləri təqdim olunub.
   Sentyabrın 29-da, festivalın son günündə Opera və Balet Teatrında korifey bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub. Quruluşçu baletmeysteri Vasili Medvedev və dirijoru Cavanşir Cəfərov, quruluşçu rəssamı Dmitri Çerbadjı olan tamaşada rolları Gülağası Mirzəyev, Kamilla Hüseynova, Alsu Qimadiyeva, Yelena Skomoroşenko, Nigar İbrahimova, Veronka Arazova, Tamilla Məmmədzadə və Səbinə Hacıdadaş ifa ediblər.
   Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti ilə festivala yekun vurulub. İtaliyalı dirijor Canluka Marçianonun idarə etdiyi konsertdə solistlər Anna de la Veqa (fleyta, Argentina), Şəhla Əlizadə (arfa) F.Əmirovun “Ü.Hacıbəyliyə ithaf” əsərini, V.A.Motsart və K.Debüssinin musiqilərini səsləndiriblər.