Oktyabrın 1-də Almaniyanın Drezden şəhərində “TonLagen" beynəlxalq müasir musiqi festivalı başlanıb.
   
    Almaniyada yaşayan və təhsil alan mədəniyyət meneceri Vazeh Mustafadan aldığımız məlumata görə, oktyabrın 13-dək davam edəcək festival çərçivəsində Azərbaycanın gənc bəstəkarlarının iştirakı ilə incəsənət layihəsi təşkil edilib. Layihənin əsas məqsədi ölkəmizin müasir incəsənət potensialının növbəti dəfə Almaniyada təqdim edilməsi, iki ölkə arasında mədəni əlaqələrə töhfə verilməsi, incəsənət xadimləri arasında qarşılıqlı mübadilənin daha da genişləndirilməsidir.
   Müasir musiqi dünyasında kifayət qədər yüksək nüfuza malik “TonLagen” festivalına bu il ABŞ, Avstraliya, Çin, Danimarka, Estoniya, Fransa, Kanada, İrlandiya, İslandiya, İspaniya, İsveçrə, İtaliya və Yunanıstandan da sənətçilər dəvət olunublar. Festivala dəvət edilmiş azərbaycanlı bəstəkarlar - Ayaz Qəmbərli, Firudin Allahverdi, Tahir İbişov, Türkər Qasımzadə (Sinsinnati Universiteti, ABŞ) və Said Qəni (Amsterdam Konservatoriyası, Niderland) yeni əsərləri ilə Azərbaycan müasir musiqi incəsənətini təqdim edirlər.
   Bəstəkarların festivalda iştirakını təmin edən “Quinar” incəsənət layihəsi Almaniyada Robert Bosch Fondu, Saksoniya Əyalətinin Mədəniyyət Fondu və HELLERAU - Avropa İncəsənətlər Mərkəzi tərəfindən maliyyə və texniki cəhətdən dəstəklənir. Gənc bəstəkarların bu layihədə iştirakına Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib.
   Layihə oktyabrın 9-da Drezdenin HELLERAU - Avropa İncəsənətlər Mərkəzində xüsusi formatda təqdim ediləcək. Əsərlərin ifası gənc alman rejissoru Benyamin Şindler (Benjamin Schindler) tərəfindən hazırlanmış video-instalyasiya və gənc vokalçı Almut Kühne tərəfindən hazırlanmış canlı elektron-improvizasiya ilə müşayiət olunacaq.
   
   Sara Muradova