Unudulmaz ifaçı, Əməkdar artist Ədalət Vəzirov dünyaya bahar fəslində, 1951-ci ilin aprelində gəlmişdi, son baharda - 2002-ci il oktyabrın 4-də həyata əlvida etdi. Vəfatından 10 il keçməsinə baxmayaraq o, bu gün də musiqisevərlərin yaddaşında yaşayır, yetişdirdiyi adlı-sanlı tələbələrinin və dostlarının xatirindədir.
   
   O, ilk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxumuşdur. 1980-ci ildən bu təhsil ocağında və Sumqayıt Musiqi Texnikumunda müəllim kimi fəaliyyət göstərmiş, ömrünün son iki ilini texnikumun direktoru vəzifəsində çalışmışdır. Sənətkar uzun müddət Əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çıxış etmişdir. Sənət səfərlərinə getdikləri ABŞ, Kanada, İraq, Misir, Yaponiya və s. ölkələrdə kamança ifaçılığını peşəkarcasına nümayiş etdirən sənətkar həm də bacarıqlı fortepiano və qarmon ifaçısı olmuşdur.
   Dünyaya musiqiçi ailəsində gəlmişdi. Atası Səfərəli Vəzirov da gözəl qarmon ifaçısı imiş. Dövlət radiosunun “qızıl fond”unda lent yazıları durmaqdadır. Ailədə bütünlüklə musiqiyə bağlı olduqlarından Ədalət və qardaşları da eyni sahəni seçirlər. Bu gün qardaşlardan Kamil Vəzirov atalarının yolunu davam etdirir. Tanınmış qarmon ifaçılarımızdan biridir. Digər qardaşları Babək klarnet ifaçısı, gənc yaşlarında dünyasını dəyişmiş Ramiz isə pianoçu olmuşdur.
   Öz sənəti ilə yüksələn, dəqiq ifaçılıq qabiliyyəti ilə tamaşaçının qəlbinə yol tapan Ədalət Vəzirov həm də bacarıqlı müşayiətçi olmuşdur. Musiqiçilər gözəl bilirlər ki, üçlükdə çalğıçı olmağı, xanəndəni müşayiət etməyi hər ifaçı bacarmır. Ədalət Vəzirov isə ustad xanəndələrimizlə dünyanın bir çox ölkələrində uğurlu konsert proqramları ilə çıxışlar etmişdir.
   Mərhum sənətkar 1999-cu ildən ömrünün sonunadək Tekfen Karadeniz Solistleri Orkestrində çalışmışdır. Xəzər, Qara və Aralıq dənizləri ətrafı 20 ölkənin seçilmiş sənətkarlarını birləşdirən mükəmməl orkestrdə o, hər zaman ölkəmizin musiqi sənətini layiqincə nümayiş etdirməyi bacarmışdır. 2001-ci ilin iyununda onun iştirak etdiyi konsertlərdən biri nüfuzlu İstanbul festivalına daxil edilmiş, haqqında Türkiyə mətbuatında xoş sözlər yazılmışdır. Ədalət Vəzirovun yüksək sənətkarlığına heyranlıq o dərəcədə dərin olmuşdur ki, onun orkestrdəki fəaliyyəti və ecazkar ifasına görə Azərbaycana minnətdarlıq məktubu göndərilmişdir. Sənətkar hər hansı bir əsəri ifa etməklə kifayətlənmirdi. Öz əlavə və xırdalıqları ilə ona xüsusi bir rəng qatırdı. Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert” əsəri haqqında dediyi fikirdə də bunun şahidi oluruq. Bəstəkar bu əsər haqqında deyərmiş: “Mən o əsəri sadəcə nota köçürmüşəm, ona əsl həyatı isə Ədalət verib”.
   Sənətkarın uzun illər birlikdə çalışdığı kamança ifaçısı Mirnazim Əsədullayev dostu ilə bağlı xatirələrində yazır: “Kamanının iniltisini eşidəndə istər-istəməz düşünürsən, nədir bu nalə? Kimsəsiz bir ürəyin sızıltısı, nakam bir eşqin harayı, yoxsa qürbətdə can verən sahibinin son hıçqırtısımı? Dərdli kaman, sən sahibini itirmisən, mən əziz dostumu, sirdaşımı. Elə insanlar var ki, onlar evdən yox, eldən gedirlər. Ədalət də belə insanlardan idi. O, mahir kaman ustası olmaqla bərabər, həm də gözəl ailə başçısı, əsl dost, vətənini, millətini sevən bir insan idi. Onunla 1970-ci ildən, tələbəlik vaxtından dostlaşmışdıq. Bir-birini əvəz edən illər bu dostluğu daha da möhkəmləndirmişdi. Onunla bağlı xatirələr yaddaşımda silinməz izlər qoyub”.
   Ustad sənətkar Habil Əliyev də onun ifasını və şəxsiyyətini yüksək dəyərləndirərək “öz kamançamı etibar edə biləcəyim ifaçılar sırasında məhz Ədalət Vəzirovu birinci görürəm”,- söyləmişdi.
   Yazılanı pozmaq olmaz, deyiblər. Heç kimin ağlına gəlməzdi ki, sevilən ifaçı yaradıcılığının ən parlaq, məhsuldar dövründə dünyasını dəyişəcək. 2003-cü ildə lentə alınan “Kamanın Ədalət ucalığı” adlı sənədli film sənətkarın həyat və yaradıcılığından bəhs etməklə yanaşı, həm də onu gələcək nəsillərə tanıtmaq üçün körpüdür. Ssenari müəllifi Müqəddəs Şahbazov olan film sənətkarın xatirəsinə bir hədiyyədir. Xalq şairi Cabir Novruz “Ədalət Vəzirova ağı” adlı şeirində ürəkləri kövrəldən, qəlbləri göynədən misralarla sənətkarı yad etmişdir:
   
   Necə yazım, necə deyim,
   Heyif, Ədalətə, heyif.
   Heyif qızıl barmaqlara,
   İndi o kaman ağlayır,
   İndi o kaman inləyir,
   O, ölüm nədi, bilməyir,
   O, Ədaləti gözləyir...
   

   Lalə Azəri