Xəbər verdiyimiz kimi, “Kainat” Gənclik Mərkəzi Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə IV Beynəlxalq Uşaq Muğam Festivalı təşkil edib. Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində festivalın final mərhələsi keçirilib.
   
   Mərasimdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə layihənin məqsədinin muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu musiqi vasitəsilə dünya miqyasında tanıtmaq olduğunu bildirib. İlk dəfə 17 il əvvəl respublika miqyasında təşkil olunan uşaq muğam festivalı 2009-cu ildən artıq beynəlxalq səviyyədə reallaşır. Festivalın ölkəmiz üzrə seçim turlarında finala 6 gənc istedad vəsiqə qazanıb. Ümumilikdə festivalın yekun mərhələsinə, Azərbaycan da daxil olmaqla, 8 ölkədən 16 ifaçı qatılıb.
   Gənclər muğam bilicilərinə Azərbaycan muğamı, türk uzun havası, özbək-türkmən şaşmakomu, qırğız-tacik dastançılığı və s. forma və janrlarda ifalar təqdim ediblər. Onları Azərbaycan Televiziyası və Radiosunun Baba Salahov adına “Araz” xalq çalğı alətləri orkestri müşayiət edib. Sonda beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, Xalq artisti Ağasəlim Abdullayev festivalın “Qran-pri”, birinci, ikinci, üçüncü yerləri və həvəsləndirmə nominasiyaları üzrə qaliblərinin adlarını açıqlayıb.
   “Qran-pri” mükafatına Prezidentin müvafiq sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına salınmış Mirpaşa Şükürov layiq görülüb. I yer nominasiyası üzrə Azərbaycan, Tacikistan, II yer nominasiyası üzrə Özbəkistan, Türkiyə, III yer nominasiyası üzrə Azərbaycan, Qırğızıstan, İraq təmsilçiləri qalib adını qazanıblar. Müsabiqənin 8 iştirakçısı isə həvəsləndirici nominasiya üzrə mükafatlandırılıblar.
   Finala vəsiqə qazanmış bütün iştirakçılar Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunublar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə iki iştirakçıya xüsusi diplom və hədiyyə təqdim edilib.