Oktyabrın 16-dan Bakıda keçirilən Beynəlxalq Caz Festivalı yekunlaşmaq üzrədir. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival günlərində caz musiqisi həvəskarları Azərbaycanın və müxtəlif xarici ölkələrin tanınmış ifaçılarını dinləmək imkanı qazanıblar.
   
   Festival çərçivəsində oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Elçin Şirinov və polşalı ifaçı Qrzegorz Karnasın konserti (“Azerbaijani Polish Ensamble”) təqdim olunub. Musiqi axşamında Grzegorz Karnas (vokal), Elçin Şirinov (piano), Sebastyan Frankieviç (zərb alətləri), Mişel Yarosun (bass) ifasında maraqlı caz kompozisiyaları səsləndirilib. Bakı Caz Mərkəzində çalışan E.Şirinov 2009-cu ildən Almaniya, İsveçrə, Fransada müxtəlif festivallarda iştirak edib. G.Karnas 2006-cı ildə Brüsseldə, 2007-ci ildə Fransada festival və müsabiqələrin qalibi olub.
   Oktyabrın 20-də, musiqisevərlər Beynəlxalq Muğam Mərkəzində Əfqan Rəsulun (piano) ifasında maraqlı konsert proqramını dinləyiblər. Onu Ruslan Hüseynov (bass gitara) və Elvin Bəşirov (zərb alətləri) müşayiət ediblər.
   Bakı Musiqi Akademiyasında təhsil almış Ə.Rəsul pianoçuların IV respublika müsabiqəsinin laureatıdır. Bu il “Montreux Jazz Festival”ının yarımfinalçısı olub.
   Oktyabrın 21-də Heydər Əliyev Sarayında ABŞ-ın Qlen Miller Caz Orkestrinin, Bakı Caz Mərkəzində Yiorgos Psihoyios (Yunanıstan) və Aleksandr Maşininin konserti təqdim olunub.
   Festival çərçivəsində oktyabrın 22-də daha bir konsert təqdim edilib. Cazsevərlər Beynəlxalq Muğam Mərkəzində portuqaliyalı Karmen Souzanın ifasını dinləyiblər. 2005-ci ildən dünya musiqi səhnəsinə çıxan ifaçı Hollandiya, Böyük Britaniya, Danimarkada musiqi festivallarında iştirak edib. 2011-ci ildə San-Fransisko və Monte caz festivallarında uğur qazanıb.
   Həmin gün caz həvəskarları Bakı Caz Mərkəzinin səhnəsində Rain Sultanovun (saksafon) və David Mazanaşvilinin (fortepiano) qrupunun ifasında maraqlı kompozisiyalar dinləyiblər.
   Azərbaycanın Əməkdar artisti Rain Sultanov musiqinin müxtəlif formalarının qovşağında öz üslubunu yaratmış musiqiçidir. Gürcü cazmeni David Mazanaşvili Gia Salagişvili və Nodar Ekvtimişvili ilə birgə yaratdığı caz triosu ilə bir neçə dəfə Bakı Caz Festivalında iştirak edib.
   Oktyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində musiqisevərlər qarşısında Salman Qəmbərov (Azərbaycan) və Luciano Biondini (İtaliya) çıxış edib. Azərbaycan Dövlət Filarmoniyasında isə İsfar Sarabski (fortepiano) və Natiq Şirinovun (nağara) ifasında caz kompozisiyaları təqdim olunub.
   Paytaxtımızda caz musiqisi bayramına sabah, oktyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyasında “Buta” kamera xorunun, Bakı Caz Mərkəzində isə Zaur Mirzəyevin (saksafon) çıxışı ilə yekun vurulacaq.
   
   Mehparə