Sənət yarışmasında 14 ölkədən 60-dan çox vokalçı iştirak edir
   
   Azərbaycan paytaxtı növbəti beynəlxalq musiqi yarışmasına ev sahibliyi edir. Oktyabrın 29-da Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi başlandı.
   
   Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1997-ci il tarixli sərəncamına əsasən, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin keçirilməsi qərara alınıb və 1997, 2000, 2005, 2007, 2010-cu illərdə beş müsabiqə gerçəkləşib. Builki sənət yarışması Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas alim, ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr edilib.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bülbül adına müsabiqəni mədəni həyatımızda əlamətdar hadisə kimi dəyərləndirdi: “Mən böyük fərəh hissi ilə bu dəyərli müsabiqənin iştirakçılarını, münsiflər heyətini, fəxri qonaqları salamlayıram. Düz deyirlər ki, vaxt sürət qatarı kimi irəliləyir. Azərbaycanın böyük müğənnisi, milli vokal sənətinin banisi Bülbülün adını daşıyan sənət yarışması 15 yaşına qədəm qoyur. İki əsrin qovşağında meydana gələn bu müsabiqə ötən müddətdə dünyanın ən nüfuzlu konsert salonlarında çıxışlar edən, tamaşaçıları heyrətə gətirən istedadların parlamasına imkan yaradıb”.
   Builki müsabiqənin beynəlxalq münsiflər heyətinə məşhur müğənni, Rusiyanın Xalq artisti Sergey Leyferkus rəhbərlik edir. Əvvəlki illərdən fərqli olaraq, ilk dəfə müsabiqə çərçivəsində vokalçıların yarmarkası keçiriləcək. Müsabiqənin münsiflər heyətinə müğənnilərlə yanaşı, tanınmış dirijorlar, menecerlər, prodüserlər, opera teatrlarının rəhbərlərinin daxil olduğunu deyən nazir bildirdi ki, məhz bu səbəbdən nüfuzlu sənət yarışmasında iştirak etmək istəyən gənc vokalçıların sayı ildən-ilə artır. Nazirin sözlərinə görə, müsabiqəyə 14 ölkədən 60-a yaxın iştirakçının qatılması tədbirin səviyyəsindən xəbər verir.
   Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin ənənəyə sadiq qalaraq bu dəfə də dünya opera ifaçılığı sənətinə dəyərli töhfələrini verəcəyindən əminliyini ifadə edən Əbülfəs Qarayev iştirakçılara yüksək əhval-ruhiyyə, inam, yaradıcılıq uğurları və qələbə sevinci arzuladı.
   Qeyd olundu ki, ölkəmizdə belə tədbirlərin keçirilməsi Azərbaycan musiqisinin dünyada layiqli yer tutmasından xəbər verir. Bu ənənənin davam edəcəyini deyən nazir dekabr ayında Bakıda daha bir beynəlxalq musiqi bayramının - Mstislav Rostropoviç festivalın keçiriləcəyini bildirdi.
   Münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti Sergey Leyferkus artıq altıncı dəfə keçirilən müsabiqənin əhəmiyyətini vurğuladı. Böyük musiqi tarixi yaratmış və bütün istedadını və zəhmətini həm Azərbaycan, həm də dünya mədəniyyətinin inkişafına həsr etmiş dahi sənətkar Bülbülə həsr edilmiş müsabiqənin özlüyündə nadir mədəniyyət hadisəsi olduğunu bildirdi. Artıq 15 ildir ki, uğurlu səhnə həyatı yaşayan müsabiqə hər dəfə mədəniyyətə yeni adlar, laureatlar bəxş edir. Builki sənət yarışmasının iştirakçıları arasında nüfuzlu müsabiqələrin finalçılarının olması tədbirə yüksək marağın göstəricisidir.
   Qeyd edək ki, müsabiqədə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Türkiyə, Moldova, Bolqarıstan, Özbəkistan, İran, ABŞ, Monqolustan və Yaponiyadan ümumilikdə 65 vokalçı iştirak edir. Rusiyalı professor Sergey Leyferkusun rəhbərlik etdiyi münsiflər heyətinə Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Odessa Milli Operasının baş dirijoru, Moldovanın Xalq artisti, professor Samuil Alexandru, Gut İmmling festivalının (Almaniya) bədii rəhbəri Cornelia Gabriele Maria fon Kerssenbrock, Flamand operasının baş dirijoru Dmitri Jurowski, Rusiyanın Xalq artisti, Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Musiqili Teatrının bədii rəhbəri Alexander Titel, Lion Milli Operasının art direktoru Robert Theo Körner, Brukner Festivalının (Avstriya) bədii rəhbəri Hans-Joachim Frey, Los Anceles Operasının art direktoru David Lee Joshua Winograde, Tbilisi Opera və Balet Teatrının solisti Teymuraz Ququşvili, Kiyev Milli Operasının solisti Mariya Stefyuk daxildir. Müsabiqənin fəxri qonaqları sırasında Avstriya, Türkiyə, Almaniya, İspaniya, Rusiyadan tanınmış musiqi xadimləri, sənətkarlar yer alıb.
   Çıxışlardan sonra müsabiqənin püşkatma mərasimi keçirildi və sənət yarışmasının birinci turu başlandı. Oktyabrın 30-da davam edən ilk turun nəticələri bu gün bəlli olacaq. Oktyabrın 31-də müsabiqənin II turu, noyabrın 3-də isə III turu keçiriləcək. Noyabrın 1-2-də müsabiqə çərçivəsində vokalçıların yarmarkası gerçəkləşəcək.
   Müsabiqənin mükafatlarına gəlincə, Qran-pri mükafatı 10 min, I mükafat 5 000, II mükafat 3000, III mükafat 2000, IV mükafat 1000 manat məbləğində nəzərdə tutulub. Noyabrın 4-də Azərbaycan Dövlət Filarmoniyasında müsabiqə qaliblərinin iştirakı ilə Bülbülün 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
   
   Mehparə