Dahi sənətkarın yubileyinə həsr olunmuş daha bir müsabiqə başa çatıb
   
   Xəbər verdiyimiz kimi, oktyabrın 22-dən 25-dək ölkəmizdə Bülbül adına orta ixtisas musiqi məktəbinin təşkilatçılığı ilə Azərbaycan professional vokal məktəbinin banisi, məşhur müğənni, musiqi folkloru tədqiqatçısı, SSRİ Xalq artisti Bülbülün 115 illik yubileyi münasibətilə milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçirilib. Gənc istedadların aşkara çıxarılması, ifaçılıq sənətinin inkişafı məqsədilə keçirilmiş müsabiqənin yekun konserti oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib.
   Üç yaş qrupu üzrə (10-13 yaş, 13-16 yaş, 16-20 yaş) keçirilmiş müsabiqə iki mərhələdən ibarət olub. Münsiflər heyətinin sədri, Xalq artisti Teymur Göyçayev müsabiqənin təşkilində əməyi olanlara təşəkkürünü bildirib. Görkəmli vokalçının oğlu, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müsabiqənin əhəmiyyətindən danışaraq gələcəkdə bu ənənənin davam edəcəyinə əminliyini söyləyib.
   Sonra müsabiqənin qalibləri elan olunub. Müxtəlif musiqi məktəblərindən 72 nəfərin (31 xanəndə, 41 nəfər çalğı alətində) qatıldığı müsabiqədə Qran-pri mükafatını III yaş qrupu üzrə iştirakçı, Azərbaycan Milli Konservatoriyasının ikinci kurs tələbəsi Yusif Bayramov (tar) qazanıb. 5 nəfər müsabiqənin diplomantı, 30 musiqiçi laureat, 4 iştirakçı “Ən yaxşı konsertmeyster”, 1 nəfər “Ən yaxşı müəllim” adlarına layiq görülüb.
   Müsabiqənin laureatlarının yekun konserti Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçirilib. Orkestrin bədii rəhbəri və dirijoru Xalq artisti Teymur Göyçayevdir. Konsertdə “Heyratı”, “Simayi-şəms”, “Şur” muğamları, “Qarabağ şikəstəsi”, Q.Qarayev, F.Əmirov, T.Quliyev və V.Adıgözəlovun əsərləri ifa olunub.