Son illər Bakının musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif tədbirlərdə uğurla iştirak edərək gözəl nəticələr əldə edirlər. Respublikamızda keçirilən müsabiqələrdə, festivallarda müvəffəqiyyət qazanan uşaqlarımızın ifaçılıq soraqları indi daha uzaqlardan, xarici ölkələrdən gəlir.
   
   Müxtəlif ixtisaslar üzrə mötəbər müsabiqələrdə yüksək pillələri fəth edən gənclərimiz bütün dünyaya vətənimizin səsini çatdırırlar. Almaniya, Fransa, Belçika, Rusiya, Türkiyə, Bolqarıstan, Estoniya, Gürcüstan və digər ölkələr dəfələrlə şagirdlərimizin məharətinin şahidi olmuşlar. Bunu hər dəfə yaradıcılıq səfərlərindən gələn şagirdlərimizin gətirdikləri medallar, diplomlar və digər sənədlər sübuta yetirir.
   Belə yaradıcılıq səfərlərindən biri də bu günlərdə - oktyabrın 18-dən 24-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə olmuşdur. Bu şəhərdə ilk dəfə olaraq Mstislav Rostropoviçin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar dahi maestronun adını daşıyan musiqi və incəsənət məktəblərinin iştirakı ilə beynəlxalq festival keçirilmişdir. Festivalda Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri Vaqif Babayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. Moskva, Sankt-Peterburq, Fransanın Koqoli şəhərində yerləşən məktəblərlə yanaşı, musiqi bayramına Bakının Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li 11 illik musiqi məktəbinin şagirdləri də qatılmışdı. Füsunkar gözəlliyi, möhtəşəm tarixi abidələri və mədəni irsi ilə tanınan şəhərdə təşkil olunmuş festivalda iştirak etmək, özünün ifaçılıq bacarığını görkəmli musiqiçinin adına layiq səviyyədə nümayiş etdirmək, əlbəttə, hər bir ifaçıdan böyük məsuliyyət tələb edirdi. Dahi sənətkarın Bakıda anadan olması, onun “mən bakılıyam”,- deyə dəfələrlə səslənən nidası bizim uşaqlarımızın ikiqat məsuliyyətlə yanaşması üçün zəmin yaratmalı idi.
   Bu festivalda bütün çıxışları dinləmiş mütəxəssis kimi qətiyyətlə, tam səmimi və obyektiv olaraq demək istəyirəm ki, azərbaycanlı uşaqlar öz həmyaşıdlarından qat-qat üstün çıxış edərək digər ölkələrin nümayəndələrini riqqətə gətirmiş, onların sürəkli alqışlarını qazanmışlar. Uşaqlarımız bir neçə dəfə səhnəyə qaytarılmış, təkrar ifalar etmiş və sonda hər biri festivalın nəticələrinə görə xüsusi diplomlarla təltif olunmuşlar. Bu yazıda onların hər birinin adının böyük fərəh və qürur hissi ilə çəkilməsi yəqin ki, yerinə düşərdi: Elçin Məmmədov (fortepiano), Ağarəhim Quliyev (fleyta), Jalə Rzayeva (skripka), Süleyman Əyyubov (skripka), Xanlar Məlikov (klarnet), Mustafa Xəlilov (trombon) və Nəcəf Vəliyev (truba).
   Şübhəsiz ki, həmin şagirdlərin belə bir səviyyədə hazırlanmasında onların müəllimlərinin böyük zəhməti olmuşdur. Zəngin təcrübəyə, pedaqoji ustalığa malik olan, öz yetirmələrinə əvəzsiz qayğı və məhəbbətlə yanaşan müəllimlərin fəaliyyəti bu böyük nailiyyətin əsası kimi qiymətləndirilməlidir. Onlarla peşəkar mütəxəssis yetirmiş müəllimlər - Azərbaycan Respublikasının Xalq artisti, professor Müzəffər Ağamalızadə, Əməkdar artist, dosent Vladislav Kuznetsov, İlhamə Ağayeva, Olqa İsgəndərova, Füzuli Məmmədov yorulmadan çalışaraq yeni-yeni “ulduz”ların yaranması üçün tükənməz qüvvə ilə çalışaraq öz bilik və bacarıqlarını əsirgəmirlər.
   İştirakçılarımızın hər birini məharətlə müşayiət edən gözəl musiqiçi-konsertmeyster Viktoriya Zülfüqarzadənin əməyi də xüsusi qeyd olunmalıdır. Bir-birindən həm janr etibarı ilə, həm də məna və mahiyyəti ilə fərqlənən əsərlərin müşayiəti şagirdlərin ifasını daha da canlandıran və zənginləşdirən amil olmuşdu.
   Əlbəttə ki, səfərin belə uğurla nəticələnməsi məktəbin direktoru, qırx ildən çox bir müddət ərzində kollektivə rəhbərlik edən tanınmış musiqiçi, Əməkdar müəllim Ruhulla Əzizovun pedaqoji fəaliyyəti ilə yanaşı, həm də yüksək yaradıcılığa malik olması ilə əlaqələndirilməlidir. Təsadüfi deyil ki, məktəbin onlarla yetirməsi indi həm respublikamızda, həm də onun hüdudlarından uzaqlarda müxtəlif musiqi kollektivlərində və təhsil ocaqlarında müvəffəqiyyətlə çalışırlar. Bu il məktəbin məzunlarından bir nəfər İspaniyanın Madrid şəhərinin konservatoriyasına - professor Zaxar Bronun sinfinə, bir nəfər P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına, səkkiz nəfər isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına qəbul olunmuşlar. Məktəbin pedaqoji kollektivini bir daha təbrik edir və gələcək işlərində daha böyük uğurlar arzulayırıq.
   
   Natiq Vəliyev,
   Niyazi adına 22 №-li uşaq musiqi
   məktəbinin direktoru, Əməkdar müəllim