Dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, beynəlxalq və dövlət mükafatları laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazinin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. Noyabrın 7-də Niyazinin mənzil-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunun keçirdiyi “Hacıbəyovların musiqi dünyası” adlı tədbir də bu qəbildən idi.
Tədbiri Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov açaraq unudulmaz sənətkarın mənalı ömür yolu, zəngin yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, Prezident İlham Əliyevin sərəncamı ilə qüdrətli sənətkar Niyazinin 100 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu nəzərə çatdırdı.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova Hacıbəyovlar nəslinin dünya musiqi sənəti tarixində dahi bəstəkar İohan Sebastian Baxın nəslindən sonra ikinci böyük musiqi şəcərəsi olduğunu vurğuladı: “Dahi Maestronun yubileyi bu il təntənə ilə qeyd edildi. Biz də çox böyük məmnuniyyətlə bu tədbirlərdə iştirak edirik. Avqust ayından start götürən tədbirlər çərçivəsində üç konsertdə iştirak etdim. Oktyabrda maestroya həsr edilmiş solo konsertim oldu. Bugünkü konserti isə həmkarım, Əməkdar artist, BMA-nın professoru Gülnaz İsmayılova ilə birlikdə hazırladıq”.
Sonra konsert proqramı tamaşaçılara təqdim edildi. Hacıbəyovlar nəslinə mənsub bəstəkarlardan Niyazinin “Skertso”, “Prelüd”, “Etüd”, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” əsərlərindən, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından Gülçöhrənin ariyası, Müslüm Maqomayevin “Nərgiz” operasından Nərgizin mahnısı, Fərhad Bədəlbəylinin “Şuşa”, Soltan Hacıbəyovun “Adajio”, İsmayıl Hacıbəyovun “Menuet”, Zülfüqar Hacıbəyovun “Uvertüra” əsərləri səsləndi.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Arzu Hüseynova və Nəzrin Cəlilovanın, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiəti ilə Əməkdar artist Gülnaz İsmayılovanın ifası alqışlarla qarşılandı. Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Bakı Musiqi Kollecinin müəllim və tələbələri, klassik musiqi həvəskarları klubunun üzvləri iştirak edirdilər.
L.Azəri