Firəngiz Əlizadə: “Qəzəl janrını inkişaf etdirməklə biz musiqimizə, şeriyyətimizə yeni bir pəncərə açmış olarıq”
Bu ilin sentyabrında Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” mövzusunda elmi-praktik konfrans keçirildi. IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşən tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə mövzunun aktuallığına diqqət çəkərək qəzəl janrının inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
Konfransda səslənən çıxışlar da göstərdi ki, bu gün ədəbiyyatımızda klassik şeirə münasibət birmənalı deyil. Son dövrlərdə ədəbiyyatın bu növü diqqətdən kənarda qalıb, klassik şeir yazan şairlər azlıq təşkil edir. Halbuki musiqi və ədəbiyyatın vəhdətində, musiqi-mətn əlaqələrində ən çox məhz klassik şeirdən istifadə edilmişdir. Mövzu ilə bağlı Xalq artisti, bəstəkar Firəngiz Əlizadə və klassik şeir janrında mahir yazarlardan olan Hacı Arif Buzovnalının fikirlərini öyrəndik.
Professor Firəngiz Əlizadə bu mövzuda ötən il də konfrans keçirildiyini xatırlatdı: “Ötən konfransda gördük ki, insanlarda bu sahəyə maraq var. Qərara gəldik ki, mövzunu davam etdirək və budəfəki konfransda janrın nəzəriyyə sahəsinə daha çox yer ayırdıq. Musiqi sənətimizdə bütün janrlar inkişaf etməlidir. Çünki vaxtilə dahi bəstəkarlarımız tərəfindən bütün janrların sağlam təməli yaradılıb və yeni nəsillər bunu davam etdirirlər. Lakin bəzən müşahidə edirik ki, hansısa janr diqqətdən yayınır. Qiymətli operalarımız var ki, qəzəl janrına müraciət edilərək ərsəyə gəlmişdir. Üzeyir bəy musiqi tariximizdə ilk olaraq belə möhtəşəm əsərlərə imza atmışdır. Dünyada məşhur olan simfonik muğam əsərlərimiz də məhz qəzəl janrı ilə birbaşa vəhdət təşkil edir. Ü.Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları örnək olaraq bizi bu janrda yeni əsərlər yazmağa sövq edir. Bir bəstəkar kimi çox istərdim ki, bu musiqi janrında yeni əsərlər meydana çıxsın”.
Həmsöhbətim deyir ki, tədris ocaqlarında musiqili qəzəl janrı mövzusunda dərslərin keçirilməsi arzuediləndir: “Azərbaycan təkcə muğam opersının vətəni deyil. İlk dəfə Azərbaycanda dodekafo sistemində Qara Qarayevin 3-cü simfoniyası yarandı. Qəzəl və musiqinin vəhdətinin məktəbi də Azərbaycandır. Elə bu səbəbdən də qəzəl janrını kölgədə qoymamalıyıq. Amma son dövrdə bəstəkarlar bu janrla maraqlanmırlar. Təbii ki, klassik şeir çətin bir janrdır. Gənc bəstəkarlar da bu çətinliyi dərk edirlər. Düşünürəm ki, bunun məktəbi olmalıdır. Əruz vəznini öyrənib musiqidə tətbiq etmək böyük məharət tələb edir. Bəstəkarlıqda da dodekafo sistemi sanki musiqi və riyaziyyatın vəhdətidir və yeni bir sistemdir. Qəzəl ilə musiqinin vəhdəti də buna bənzəyir. Vəznlərin çox mürəkkəb sisteminin musiqi ilə birləşməsindən gözəl əsər yaratmaq məsuliyyətli işdir. Bəzən bəstəkar bu qaydalara əməl etsə də, ortaya maraqlı əsər çıxarmaya bilər, yaxud əksinə, musiqi baxımından gözəl əsərdir, amma qəzəl düzgün seçilməyə, yəni vəznlər uyğunlaşmaya bilər”.
F.Əlizadənin sözlərinə görə, konfransdakı çıxışlarda mövzu ilə bağlı çox dəyərli fikirlər səsləndi: “AMEA-nın müxbir üzvü Teymur Kərimlinin, dəyərli qəzəl şairi Ələmdar Mahirin çıxışı hamımızı məftun etdi. Ülkər Talıbzadənin intonasiya ilə vəznlərin bağlılığı barədə məruzəsi də çox maraqlı idi. İstərdim ki, gənc bəstəkarlar belə görüşlərdə iştirak etsinlər. Onlar görməlidirlər ki, bu janr bir dərya, bir dünyadır və özləri üçün yavaş-yavaş bu dünyanı kəşf edə bilsinlər. Bəlkə də onlar hər hansı qəzəldən elə bir duyğu alacaqlar ki, bu onları ilhamlandırıb yeni axtarışlara, gözəl musiqi əsəri yaratmağa sövq edəcək. Nədənsə bizim gənclərin gözü həmişə Qərbdədir. Amma biz gərək öz doğma mədəniyyətimizi dərindən öyrənək, onun gözəlliklərini dərk edək ki, Qərbə maraqlı olaq. Onlar da gəlib bizdən öyrənsinlər. Sən gedib Qərbdə Bethovendən yaxşı simfoniya yaza bilməzsən. Amma öz mədəniyyətini ən gözəl şəkildə təqdim edə bilsən, onda dünya da səninlə maraqlanar. Muğamımızı dünya bizim qədər bilmir, qəzəllərimizi də bizim qədər dərk edə bilmir. Və biz bunları ən gözəl şəkildə öyrənib yaşatmalı, dünyaya çatdırmalıyıq”.
Həmsöhbətimin bildirdiyinə görə, artıq gənc bəstəkarlarda bu sahəyə maraq yaranmaqdadır: “Son aylarda gənc bəstəkarlar iki yeni əsər yaratdılar. Bu da nailiyyətdir. Eyni zamanda, musiqiçilərlə qəzəlxanlar arasında əlaqələr yaratmaq lazımdır. Hər bir insan sərbəstdir, biz kiməsə deyə bilmərik ki, sən mütləq qəzəl janrına müraciət edib əsər yazmalısan. Bizim işimiz sadəcə musiqiçilərdə maraq yaratmaq, müəyyən maarifləndirmə işi aparmaqdır. Burada problemlər çoxdur. Mən bir neçə il əvvəl Nəsiminin sözlərinə “Dərviş” septetini yazdım. Bu qəzəl Nəsiminin məşhur əsərlərindən biridir. Amerikada konsertimiz zamanı zaldan xahiş etdilər ki, bu qəzəli öz səsimlə ifa edim.
Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm,
Ruhi birəngəm, əgərci rəngə girdim, adəməm.
Mən şeiri ifa etdikdən sonra zaldan bir nəfər dedi ki, bu sizin Azərbaycan dili deyil, bu, fars dilidir. Belə olan halda şeir də Azərbaycan şairinin deyil, fars şairinin şeiri sayılır. Həmin fikirləri söyləyən fars əsilli İran vətəndaşı idi. Dedim, birincisi, gəlin, götürək Şekspirin sonetlərini. Həmin ingilis dili bu günün ingilis dili deyil. Əsrlərlə belə olub, dillər müəyyən təsirlərə məruz qalıblar. Bu o demək deyil ki, Nəsiminin qəzəli fars ədəbiyyatına aiddir. Bundan sonra belə bir qənaətə gəldim ki, biz maddi-mənəvi dəyərlərimizin qədrini bilməliyik. Problem ondadır ki, ədəbiyyatı bilən musiqişünaslarımız, bəstəkarlarımız, gənc şairlərimiz azdır. Bu gün yüngül şeirlər yazıb, ona musiqilər bəstələmək göstərir ki, dərindən düşünən, mahiyyətə varanlar azlıq təşkil edir. Çox vaxt unuduruq ki, bizim klassik şeriyyətimiz fars dilindədir. Klassik şeiri mənimsəmək, qəlbimizdə bərpa etmək üçün öyrənmək lazımdır. Bu janrda yazan azsaylı mütəxəssisləri tanıtmalı, onların biliklərindən faydalanmalıyıq. Qəzəl janrının inkişaf etdirməklə biz tariximizə, musiqimizə, şeriyyətimizə yeni bir pəncərə açmış olarıq. Bəziləri deyə bilər ki, indi XXI əsrdir, siz də klassik şeiri təbliğ edirsiniz. Düşüncələr müxtəlif ola bilər. Bu mövzuya geniş yanaşıram. Bu, təkcə bəstəkarlıq sahəsinin problemi deyil. Ona görə də hər bir sahədə - istər bəstəkarlıq olsun, istər digərləri - çalışmalıyıq ki, mədəniyyətimizi, mənəvi irsimizi qoruyaq”.
* * *
Şair Hacı Arif Buzovnalının mövzu ilə bağlı mütəxəssis fikri də müəyyən mətləblərə aydınlıq gətirdi. Məlumdur ki, muğam ifaçılığında əsasən qəzəldən istifadə olunur. Qəzəl əruz vəznində yazıldığından, müəyyən ahəng və ritmə malik olur. Bu ahəng və ritm isə qəzəlin hansı bəhrdə yazılmasını təyin edir, eyni zamanda muğam şöbələri də müəyyən ritmə malikdir: “Buna görə də ifa zamanı hər muğam şöbəsinə həmin şöbənin musiqi ritminə daha çox uyğun gələn qəzəl seçilməlidir. Bundan əlavə, seçilmiş qəzəlin məzmunu da müvafiq şöbənin musiqi ovqatı ilə uyğunlaşmalıdır. Belə ki, şən məzmunlu qəzəlin kədərli, qəmli musiqi ovqatında ifa olunması yersiz görünür və əksinə. Qəzəllərin ahəngi və ritmi ilə muğam şöbələrinin ahəng və ritmi arasındakı uyğunluq mütləqdir. Bəzən muğam ifaçılarımız tərəfindən bu uyğunluq pozulur, sözlər səhv tələffüz edilir. Ona görə də qəzəllərin məna və məzmununun düzgün anlaşılması ilə bağlı musiqiçilərimizdə bilgi olmalıdır. Bir sıra tarixi səbəblərdən klassik ədəbiyyatımızda, o cümlədən qəzəllərdə ərəb-fars mənşəli ifadələrdən geniş istifadə edilmişdir. Zaman keçdikcə dilimizin inkişafı nəticəsində həmin söz və ifadələrin bəziləri arxaikləşmiş, bəziləri isə leksik mənalarını dəyişmişlər. Ona görə də həmin qəzəllərin bir çoxunun anlaşılması çətinləşmiş, amma buna baxmayaraq, muğam ifaçılığında istifadə olunmuşdur. Muğam ifaçısının qəzəlin anlamını bilməməsi ifa zamanı təhriflərə yol açır”.
Müasir dövrümüzdə klassik şeirə münasibət, klassik şeirin musiqi ilə vəhdətinə gəlincə, həmsöhbətim deyir ki, Azərbaycanda sovet hakimiyyəti illərində heca vəzni və sərbəst şeir növünün geniş yayılması, klassik şeirin isə sıxışdırılmasının müəyyən səbəbləri vardı: “Klassik şeirin ağırlığı, mənası var. Klassik şeirdə millilik, din, adətlər, əxlaq normaları, kimliyimiz, tariximiz var idi. Xalqın mədəniyyəti onun klassik ədəbiyyatında kodlaşdırılıb. Sovet dövründə Azərbaycan şeirində təbliğatçılıq üstünlük təşkil etdiyinə görə, şeirlər sadə və heca vəznində yazıldığından klassik şeir növü zəifləməyə başladı. Bu gün də klassik şeir yazanlara münasibət dəyişməyib, hələ də klassik şeir yazan şairlərə meyxanaçı gözü ilə baxanlar var. Qəzəl janrı kütləviləşə bilmir. Klassik janrda yazan gənclər var, amma onların inkişaf etmələri üçün imkanlar məhduddur. Biz orta nəsil “Füzuli ədəbi məclisi” və “Məcmüəş-şüəra” da iştirak edib, şeirin incəliklərini bu məclislərdə öyrənirdik. Növbəti məclisə qədər kitabxanaları ələk-vələk edib bütün sahələr üzrə ədəbiyyatlar oxuyurduq. Astronomiyadan coğrafiyaya qədər. Klassik şeir yazırsansa, sənin dünyəvi elmlər haqqında biliklərin də olmalıdır, tarixi də bilməlisən. Hər şeydən az da olsa, xəbərdar olmalısan ki, fikir yürüdə biləsən. 20 il keçib, indi mənim hər hansı bir şeirim bəyənilirsə və yaxud hansısa bir tanınmış xanəndəmiz mənə zəng vurub qəzəllə bağlı fikir öyrənirsə, bu, həmin məclislərdə öyrəndiklərimin nəticəsidir. İndiki gənclərdə isə bu həvəs yoxdur. Məktəblərdə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə diqqət yetirilməlidir. Şairlə qəzəlxan terminləri ayrılmamalıdır. Qəzəl də şeirin bir növüdür. Bu bölgü düzgün deyil. Prezidentin sərəncamı ilə bütün klassik ədəbiyyatımız latın qrafikalı əlifba ilə yenidən nəşr edilib. Bu ədəbiyyatdan bəhrələnməliyik”.
Həmsöhbətimin fikrincə, mətn və musiqinin ən mükəmməl variantı xanəndənin oxusudur: “Tamaşaçı sənin nə oxuduğunu səlis başa düşmürsə, onda muğam da başa düşülmür. Xanəndə musiqini də, şeriyyəti də gözəl bilməlidir. İndi gənc ifaçılar özlərinə arxayınlaşıb öyrənməkdən yan keçirlər. Bu gün Azərbaycanda qəzəli düzgün mənimsəyib çatdıra bilən xanəndələr azlıq təşkil edir. Dəfələrlə televiziyada “Xalq artisti Alim Qasımovla ustad dərsləri” proqramında bu mövzu barədə danışmışıq. Bu gün muğam tədris olunan müəssisələrdə mütləq klassik şeir də tədris olunmalıdır. Bu həm də dilimizin inkişafı, musiqimizin qorunmasıdır. Xanəndə bilməlidir ki, hansı təsnifə, hansı şöbəyə hansı qəzəl uyğun gələr. Muğam yaradıcılıqdır. Onu eyni qəlibdə oxumaq olmaz. Bəzən xanəndələr özləri necə oxuyurlarsa, tələbələri də o cür tələffüz edirlər. Səhvini deyəndə deyir ki, ustadım belə oxuyub, mən də belə oxumalıyam. Dövlətimiz muğam sahəsinə bu qədər diqqət ayırdığı zamanda gənclər də özlərində məsuliyyət hiss etməlidirlər. Qəzəlsiz muğam yoxdur. Qəzəl muğamın ağlıdır. Xanəndənin səsi, avaz və söz muğamı mənalı edir. Muğam dərslərində mütləq qəzəl tədris olunmalıdır. Bu gün muğam müsabiqəsinin qalibi olan gənclər çalışmalıdırlar ki, həm muğamlarımızı, həm də şeriyyəti daha dərindən öyrənsinlər”.
Lalə Azəri