Qədim musiqi alətləri
   
   Qaboyun "əcdadları" - tütək, ney, zurna, tulum, balaban
   
   Bu dəfə əsrləri keçib günümüzəcən gəlib çatan qədim musiqi alətlərimiz - tütək, ney, zurna, tulum və balaban barədə məlumat verəcəyik. Bu alətlər hazırda dünyada, eləcə də ölkəmizdə geniş tanınan qaboy (rusca “qoboy”, fransızca “hoboy”, ingiliscə “oboe”) musiqi alətinin “əcdadları” sayıla bilərlər. Ağac nəfəs alətləri qrupuna daxil olan qaboy hələ eradan əvvəl XII-VII əsrlərdə Hindistanda "otu" adı ilə mövcud olmuşdur. Qədim Yunanıstanda geniş yayılmış "avlos" da bu alətin "babası” hesab edilir.
   
   Tütək
   
   Sadədən mürəkkəbə doğru böyük inkişaf yolu keçmiş ən qədim nəfəsli milli musiqi aləti olan tütək tarixin müxtəlif dövrlərində qarğı-qamışdan, sümük, ağac, saxsı və metaldan hazırlanmışdır. Tütəyin çobanlar tərəfindən hazırlanması və onlar tərəfindən çalınması onu deməyə imkan verir ki, bu musiqi aləti Azərbaycanda yerli əhalinin maldarlıqla məşğul olmağa başladığı vaxtlarda - 10-12 min il bundan əvvəl icad edilmişdir.
   İlk tütəkdə barmaq dəlikləri olmayıb. Adi boruşəkilli (ağac, sümük və s.) alətin geniş səs imkanlarından danışmaq mümkün deyildi. Sonradan insanlar müxtəlif yüksəklikdə səslər əldə etmək məqsədilə tütəkdə dəliklər açmışlar. Təcrübəli musiqiçilər dəlikləri yarımçıq qapamaqla xromatik səslər əldə etmişlər. Bu isə xüsusi ifa bacarığı tələb edirdi.
   Bu gün tütək nəfəsli musiqi aləti kimi geniş texniki imkanlara malikdir. Alətdə kifayət qədər sürətli tempdə diatonil qammalar ifa etmək olar.
   
   Ney
   
   Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Neyin müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda bu alətin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Məhəmməd Füzuli belə təsvir edir:
   
   Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
   Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
   
   XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (“Nəğmələrin məqsədi”) əsərində neyin iki növünün - ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi möcüzəli səsi ilə sənətsevərləri ilhama gətirən ney bir zamanlar unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir. Ağ ney qarğıdan hazırlanır. Uzunluğu 550-600 mm, diametri 20 mm-dir. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. İfaçı alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsilə səslərin alınmasına nail olur, oyuqları qismən və bütöv açıb-bağlamaqla isə xromatik səs sıralarını ala bilir. Müasir neylər baş hissədən təxminən 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsi ilə üflənərək ifa edilir. Bu növün ən müasiri fleyta adı ilə orkestrlərdə istifadə olunur.
   Hazırda bir çox Şərq xalqları arasında fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək mümkündür. Neyin diapazonu birinci oktavanın “do" səsindən ikinci oktavanın “sol" səsinə kimidir.
   
   Zurna
   
   Azərbaycan xalqının ruhunu, zövqünü oxşayan bu qədim musiqi alətinin ən azı üç min illik tarixi var. Zurna (sur) adına "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarında rast gəlirik. XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvinin əsərlərində də zurna-sur alətinin adı çəkilir.
   Etnoqrafik müşahidələrdən aydın olur ki, Azərbaycan xalqının ənənəvi toylarını bu alətsiz təsəvvür etmək qeyri-mümkündür. Qədimdə olduğu kimi, indi də bir çox bölgələrimizdə, xüsusilə Naxçıvanda toy şənlikləri zurnasız ötüşmür, üç nəfərdən ibarət zurnaçılar dəstəsi insanların qəlbini coşdurur.
   Zaman-zaman müxtəlif materiallardan hazırlanan zurna sonralar əsasən tut, qoz və ərik ağaclarından hazırlanmış və təkmilləşdirilmişdir. Alətin üstündə 7, altında isə 1 deşiyi olur. 28-30 sm uzunluğunda olan zurnanın baş tərəfi dar, aşağı tərəfinin diametri isə nisbətən böyük olur. Zurnanın ucuna mil keçirilir. Milə sümükdən dairəvi tağalaq bərkidilir. Bəzən ustad zurnaçılar alətin üzərini naxışla bəzəyirlər ki, daha da yaraşıqlı görünsün. Açıq gur və güclü səsi olan zurnaya xalq arasında "qara zurna" da deyilir. Ola bilsin ki, "qara" sözü keçmişdə zurnanın qara rəngli kəl və öküz buynuzundan hazırlanması ilə əlaqədardır.
   
   Tulum
   
   Başqa nəfəsli musiqi alətlərə nisbətən haqqında az məlumat verilən tulum iki hissədən - tuluq və ona taxılan ağac və zurnadan ibarətdir. Adətən xırdabuynuzlu heyvanların aşılanmış dərisindən hazırlanan tuluğun iki qollarından başqa qalan yerləri hava çıxmasın deyə bağlanılır. Qol yerinin birinə keçirilən sümük lülə vasitəsilə hava tuluğun içərisinə üfürülür və ağzı tıxanır. Digər qola isə musiqi aləti keçirilir. Çalğıçının qoltuğu altında yerləşən üfürülmüş tuluq tədricən sıxılır və bu zaman musiqi alətinin borusundan çıxan hava barmaqlarla çalınır. Alətdə səslərin diapazonu tuluğun sıxılması ilə tənzimlənir. Tulum təxminən öz ölçüsü boyda olan kisənin içinə salınır.   
   Başqa nəfəsli alətlərə nisbətən tulum çətin ifa olunur. Burada tuluq və ona keçirilən musiqi alətləri arasında yaranan əlaqə ifaçıdan böyük məharət tələb edir. Buna baxmayaraq tulumun üstün cəhəti də vardır. Hava ilə doldurduqdan sonra onu bir müddət çalmaq mümkündür. Məhz bu üstünlüklərə görə də belə bir alətin yaranması zərurəti meydana çıxmışdır. İlk dəfə bu aləti çobanlar düzəltmişlər. Tulum Azərbaycanın Qarabağ və Qazax bölgələrində, eləcə də Naxçıvanın Şahbuz, Babək və Şərur rayonlarında geniş yayılmışdır. Naxçıvanda uşaq musiqi məktəblərinin bir neçəsində tulum musiqi aləti üzrə dərslər keçilir.
   
   Balaban
   
   Alətin adının mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir.
   Balaban ağac materialdan hazırlanan nəfəsli alətdir. Bu yumşaq və həzin səsə malik alətdən ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.
   Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. Hazır gövdənin üst hissəsində səkkiz, alt hissədə isə bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə bu oyuqlar açılıb-bağlanır.
   Balabanın baş hissəsinə qarğıdan hazırlanan xüsusi ölçüdə sıxılaraq yastılanan müştük taxılır. Bəzi hallarda bu alətə "yastı balaban" da deyilir. Müştüyün üzərinə keçirilən xamıt (qısqac) vasitəsi ilə alətin səs ucalığı və kökü nizamlanır. Balabanın uzunluğu 280-370 mm, müştüyünün uzunluğu 9-10 mm-dir. Müştüyün orta hissəsinə sıxac geydirilir ki, bu da hərəkət etdirməklə alətin səs tonunu dəyişdirir.   
   Alətin diapazonu kiçik oktavanın "sol" səsindən ikinci oktavanın "do" səsinədək davam edir. İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını yaradır.
   Balaban ifaçısının ustalığından asılı olaraq, bir neçə səs də artırıla bilər. Onun ifa imkanları çox genişdir. Bu alətdə muğamları, xalq mahnılarını, rəqsləri və instrumental musiqiləri ifa etmək mümkündür. Alətdən aşıq sənətində də geniş istifadə edilir. Balabanın çox həzin, insanı duyğulandıran tembri var. Qərb tədqiqatçılarının araşdırmalarına görə, balabanın səsi kişilərin qəlb sızıltıları ilə eynidir. İnsan bu səslə sanki özünə həmdəm tapıb sakitləşir.
   Orkestrdə balabanlar üçün dörd növ partiya yazılır və onlar iki qrupa bölünür: I və II balabanlar əsas melodiyanı ifa edirlər, III, IV balabanlar isə harmonik fonu saxlayırlar. Azərbaycan bəstəkarları orkestr üçün yazdıqları əsərlərdə balabanın solo imkanlarından məharətlə istifadə ediblər. Üzeyir Hacıbəylinin "II fantaziya", Müslüm Maqomayevin "Azərbaycan çöllərində", Hacı Xanməmmədovun "Simfonietta" əsərlərində balabanın solosuna geniş yer ayrılıb.
   Bədnam qonşularımız Azərbaycanın bir çox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıblar. Balabanı (“duduk” adı ilə) dünyaya "erməni milli musiqi aləti" kimi təqdim etməyə çalışırlar. Üstəlik balabanla ifa olunan “Sarı gəlin”, “Sən gəlməz oldun” və neçə-neçə mahnılarımızı mənimsəməyə cəhd edirlər. İnsanları aldatmaq mümkün olsa da, tarixi aldatmaq mümkün deyil.
   
   Təranə Vahid