ABŞ Dövlət Departamentinin “Amerika musiqisi xaricdə” proqramı çərçivəsində dünyanın bir çox ölkələrində musiqili tədbirlər keçirilir. Noyabrın 21-də ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həmin proqram çərçivəsində “Real Vocal String” qrupu Bakı Caz Mərkəzində konsert proqramı ilə çıxış edib.
Dörd vokalçıdan ibarət qrupun hər bir üzvü klassik simli kvartetə yenilik gətirərək həm mahnı bəstələyir, həm də aranjeman və improvizə edir. Bunun nəticəsində də musiqi bənzərsiz və orijinal olur. Qrupun son dərəcə geniş repertuarı caz, rok, eləcə də Qərbi Afrika musiqisi və bluqras adlı folklor mahnılarını əhatə edir.
Konsertdə simli kvartet ənənəvi repertuarı ilə yanaşı, Azərbaycan bəstəkarlarından Tofiq Quliyevin “Sənə də qalmaz” əsərini də ifa edib.
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar konsertə ev sahibliyi etdiyinə görə Bakı Caz Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.